DGK sədri Səfər Mehdiyev İQ müharibəsi barədə həqiqətləri Avropa ölkələri GX rəhbərlərinin diqqətinə çatdırıb
DGK sədri Səfər Mehdiyev İQ müharibəsi barədə həqiqətləri Avropa ölkələri GX rəhbərlərinin diqqətinə çatdırıb
Noyabrın 20-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrliyi ilə Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Gömrük Xidməti rəhbərlərinin virtual konfransı keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev videokonfransda ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində açılış nitqi ilə çıxış edib. Komitə sədri koronavirus (COVID-19) epidemiyasının yaratdığı çətinliklərə baxmayaraq, regional və beynəlxalq maraqları nəzərə alaraq ticarətin inkişafı, gömrük işinin səmərəli təşkili məqsədilə region ölkələrinin bu konfransda iştirakını əzmkarlığın, qarşılıqlı əməkdaşlığın təzahürü kimi qiymətləndirib və təşəkkürünü bildirib.
ÜGT-nin Avropa Regionunda iqtisadi inkişafın, beynəlxalq ticarət-təchizat zəncirinin davamlığının və təhlükəsizliyinin təmin edilməsinin bölgədəki siyasi, iqtisadi və sosial problemlərdən asılı olduğunu vurğulayan Səfər Mehdiyev Azərbaycanın sülhün və sabitliyin qorunmasına yönələn bütün addımları dəstəklədiyini bildirib. Komitə sədri bu il Azərbaycanın yalnız koronavirusla deyil, Ermənistan Respublikasının təcavüzkar siyasətilə də mübarizə apardığını ÜGT-nin Avropa Regionunun 52 ölkəsinin gömrük xidmətləri rəhbərlərinin diqqətinə çatdırıb. Səfər Mehdiyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edirdi. Buna baxmayaraq, Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüz aktını həyata keçirib. Azərbaycan Ordusu qarşı tərəfin hücumunu dəf etmək və öz mülki əhalisini qorumaq məqsədilə əks-həmlə tədbirləri görməyə məcbur olub.
Vurğulanıb ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparılıb. Azərbaycanın Ermənistanın təcavüzünə cavabı BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə, özünümüdafiə çərçivəsində həyata keçirilib. O da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanda bu günə qədər 94 mülki şəxs həlak olub, 414 mülki şəxs isə yaralanıb. Həlak olanlardan 11 nəfəri azyaşlı uşaqlar və məktəblilərdir. Komitə sədri konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub, münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırıldığı elan olunub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, ikinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq-deyə sözünə davam edən Komitə sədri əminliklə diqqətə çatdırıb ki, bu münaqişənin sona yetməsi nəinki Qafqaz regionu, ümumilikdə Avropa regionu üçün yeni iqtisadi imkanların bərqərar olmasına töhfəsini verəcək.
Sonra Səfər Mehdiyev Azərbaycan Gömrük Xidmətinin ÜGT-nin Avropa Regionu üzrə sədr müavinliyi dövründə görülən işlər barədə məlumat verib, qarşılıqlı təcrübə mübadiləsinin artırılması, potensialın gücləndirilməsi istiqamətində atılan addımlardan danışıb. Məruzə zamanı xüsusilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ÜGT-nin Avropa regionu üzrə sədr müavinliyi dövründə ÜGT-nin illik hesabatına dair sorğu vərəqəsi üzrə məlumatların hazırlanması, ÜGT-nin Hüquq-Mühafizə Komitəsinin növbəti sessiyasında müzakirə edilməsi məqsədilə Avropa regionu üçün 3 əsas hüquq-mühafizə prioriteti – 1) Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə münasibətdə nağd pulun sərhədlərarası daşınmasına qarşı mübarizə, həmçinin bu sahədə tərəfdaş administrasiyalarla institusional əməkdaşlıq; 2) Sərhədlərarası elektron ticarət, internet üzərindən törədilən cinayətlər, yəni internet, sosial şəbəkələr vasitəsi ilə saxta malların təklif edilməsi; 3) Narkotik vasitələrin qanunsuz ticarəti, xüsusilə yüksək zəhərlənmə riski və həyat üçün təhlükə yaradan maddələrin və sintetik narkotiklərin prekursorlarının idxalı kimi məsələlərin həllinə yönəlik səmərəli fəaliyyət qeyd edilib.
Daha sonra Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya çıxış edərək pandemiya dövrünün yaratdığı çətinliklərdən bəhs edib və bildirib ki, qlobal təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi baxımından Ümumdünya Səhiyyə Təşkilatının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Kunio Mikuriya ÜGT-nin müvafiq qurumlarının virtual şəkildə fəaliyyətindən danışıb və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin faydalarına da diqqət çəkib.
Türkiyənin Ticarət nazirinin müavini Rıza Tuna Turagay "Avropa gömrük idarələrinin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qabaqcıl təcrübələrinin mübadiləsi" mövzusunda çıxış edərək, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq səmərəli fəaliyyətin təşkilinin vacibliyindən, koronavirusla mübarizə tədbirlərinə dəstək göstərməyin əhəmiyyətindən bəhs edib.
Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev "Bergen Sazişinə yenidən baxılması" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ÜGT-nin Siyasi Komissiyasında Rusiya Federasiyasının Əsas İanəçilər qrupunda İspaniyanı əvəzləməsi səbəbindən İspaniyanın üzləşdiyi vəziyyətlə bağlı Bergen Sazişinə müvafiq dəyişikliklərin hazırlanması üçün Azərbaycanın təşəbbüsü ilə İşçi Qrupun 23-24 yanvar 2020-ci il tarixində Bakı şəhərində keçirilmiş iclasının nəticələri, həmçinin Bergen Sazişinə dəyişiklik prinsipini müəyyən etmək məqsədilə Azərbaycanın təşəbbüsü çərçivəsində Avropa regionuna daxil olan gömrük xidmətləri arasında keçirilmiş səsvermənin nəticələri təqdim edilib.
Rusiya Federal Gömrük Xidmətinin Belçika Krallığındakı nümayəndəsi Dmitry Subochev "ÜGT-də fəaliyyətin qiymətləndirilməsi sisteminin yaradılması" mövzusunda təqdimatla çıxış ediblər.
Konfrans çərçivəsində ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel hesabat nitqi ilə çıxış edib.
ÜGT-nin Avropa Regionunun Regional Məlumat Əlaqələndirmə Qovşaqlarının birgə təqdimatını RILO ECE-nin rəhbəri xanım Katarzyna Banaszek keçirib.
Konfransın sonunda isə Gömrük Əməkdaşlıq Şurasının ali orqanına seçkilərin keçirilməsinə dair aparılan müzakirələrdə Türkiyə, Rusiya və Avropa İttifaqının nümayəndələri söz alaraq ötən dövr ərzində Azərbaycanın vitse-sədr qismində effektiv fəaliyyətini yüksək qiymətləndiriblər və növbəti il üçün də ÜGT-nin Avropa Regionuna rəhbərliyinin uzadılması təklifini irəli sürüblər. Təklif regionun digər üzv dövlətləri tərəfindən birmənalı olaraq dəstəklənib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi