Gömrük Akademiyasının fəaliyyəti yüksək qiymətləndirilib
Gömrük Akademiyasının fəaliyyəti yüksək qiymətləndirilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları" və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2011-ci il 26 aprel tarixli əmri ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar" əsasında 2019/2020-ci tədris ilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının akkreditasiyası keçirilib.
Akkreditasiyanı həyata keçirən komissiya Akademiyanın son beş il ərzindəki fəaliyyətini 11 istiqamət üzrə təhlil edərək yekun hesabat hazırlayıb və təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirib.
Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əmri ilə Dövlət Gömrük Komitəsinin Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisəsi kimi 2019/2020-ci tədris ilindən başlamaqla növbəti 5 il müddətinə akkreditasiyadan keçmiş elan olunub.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyətin təminatı departamentinin rəhbəri Lalə Abbasova Akademiyaya akkreditasiya şəhadətnaməsinin təqdim edilməsi mərasimində il ərzində akkreditasiyadan keçmiş ali təhsil müəssisələri arasında Akademiyanın ən yüksək göstəriciləri nümayiş etdirdiyini vurğulayıb və burada dövlət təhsil standartlarının tələblərinə uyğun mütəxəssis hazırlığının yüksək səviyyədə həyata keçirildiyini qeyd edib.
Akkreditasiyanın nəticələrinə həsr olunmuş tədbirdə Akademiya rəisi Qulu Novruzov əldə edilmiş nailiyyətlərin davamlı olması üçün daha da əzmlə çalışmağın vacibliyini bildirib.