ÜGT strategiyasının müəyyənləşdirilməsində proqnozlaşdırma metodologiyalarından istifadəyə dair Seminar
ÜGT strategiyasının müəyyənləşdirilməsində proqnozlaşdırma metodologiyalarından istifadəyə dair Seminar
Fevralın 15-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) strategiyasının müəyyənləşdirilməsində strateji proqnozlaşdırma metodologiyalarından istifadəyə dair Avropa Regionu üzrə Virtual Seminar öz işinə başlayıb.
Seminarda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, ÜGT Baş katibinin müavini Ricardo Trevino Çapa və təşkilatın Avropa Regionu üzv dövlətlərin gömrük xidmətlərinin nümayəndələri iştirak edib.
ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində seminarda açılış nitqi ilə çıxış edən Səfər Mehdiyev bildirib ki, 2020-ci ildə COVID-19 pandemiyasının iqtisadiyyatda və beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasında yaratdığı çətinliklərə baxmayaraq, regionun gömrük xidmətləri öz fəaliyyətini uğurla davam etdirib.
Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı qələbənin region dövlətlərinin gələcək inkişafı və regional inteqrasiyanın gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Səfər Mehdiyev ölkəmizdə iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni inkişaf strategiyasının hazırlanması məqsədilə Prezident İlham Əliyevin sərəncamı əsasında "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı strategiya sənədinin hazırlanıb təsdiq olunduğunu, həmin proqramdakı prioritet məsələlərin icrasına gömrük xidmətinin də öz töhfəsini verəcəyini bildirib.
DGK sədri Azərbaycan gömrüyünün ticarətin asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi məqsədilə gördüyü işlərdən, tətbiq etdiyi layihə və yeniliklərdən də danışıb.
İqtisadiyyatdakı qloballaşma prosesləri ilə yanaşı, böhranların da qlobal xarakter aldığını diqqətə çatdıran Səfər Mehdiyev bildirib ki, ölkələrin iqtisadiyyatlarına dəymiş ziyanın nəticələrini zəiflətmək, mürəkkəb iqtisadi mühitə və dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq üçün ticarətin inkişafının keyfiyyətcə yeni modelinin formalaşdırılması prioritet vəzifələrdən biridir.
Komitə sədri çıxışında ÜGT-nin yeni strategiyasının təşkilatın gündəlik fəaliyyətini üzv dövlətlərin gömrük sistemlərinin inkişafı ilə bağlı müəyyən etdikləri strateji hədəflərlə uzlaşdırmasının, cari vəziyyətin qiymətləndirilməsi zamanı beynəlxalq ticarətdə qlobal dəyişikliklər, yeni çağırışlar və proqnozlaşdırıla bilən inkişaf tendensiyalarının nəzərə alınmasının vacibliyini vurğulayıb.
Daha sonra Səfər Mehdiyev strateji planın hazırlanması ilə bağlı üzv dövlətlərdən daxil olan təkliflər, ÜGT-nin fəaliyyətində aparılan təhlillər və müəyyən edilən risklər barədə iştirakçıları məlumatlandırıb, seminarın gedişində maraqlı müzakirələrin keçiriləcəyinə ümidvar olduğunu bildirib.
ÜGT Baş katibinin müavini Rikardo Trevino Çapa iştirakçıları salamlayaraq əməkdaşlığın gücləndirilməsinin vacibliyindən, strateji hədəflərin düzgün müəyyən olunmasının gələcək fəaliyyətin səmərəli şəkildə qurulmasındakı rolundan danışıb. Baş Katibin müavini risklərin aşkar edilərək strateji planda nəzərə alınmasının, üzv dövlətlərin təşkilatın fəaliyyətində yaxından iştirakının vacibliyini vurğulayıb.
Seminar birinci iş gününü 2020-2021-ci illər üzrə Audit Planının qırmızı risk sahələrilə mübarizə aparmaq üsulları barədə interaktiv sessiya ilə davam etdirib.
Seminar fevralin 16-da yekunlaşacaq və tədbirin növbəti iş günündə ÜGT-nin Strateji proqnozlaşdırma ilə bağlı yanaşmasına dair interaktiv sessiya keçiriləcək və gündəlikdəki digər məsələlər ətrafında müzakirələr aparılacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi