Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetləri müzakirə edilib

Gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetləri müzakirə edilib

Martın 18-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi və Şura sədri, eyni zamanda, Şuranın sədr müavinlərinin iştirakı ilə onlayn formatda görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev görüşdə ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində iştirak edib.

Tədbir ÜGT-nin Siyasi Komissiyası və Şurasının iclaslarının nəticələrinə əsasən həyata keçirilən fəaliyyətlərin davam etdirilməsi üçün növbəti tədbirlərin planlaşdırılması, xüsusilə də iş metodlarının və prioritetlərin müəyyənləşdirilməsi məqsədilə keçirilib.

İclasda çıxış edən ÜGT-nin Baş katibi Kunio Mikuriya COVID-19 pandemiyasının dünyada yaratdığı mürəkkəb şəraitdən danışıb, pandemiya zamanı gömrük orqanlarının əhəmiyyətli rolunun fonunda fəaliyyətlərin fasiləsizliyinin təmin etdirilməsi məsələlərinə diqqət çəkib, gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetləri barədə fikirlərini bölüşüb.

Bildirilib ki, ÜGT-nin müvafiq strukturları fəaliyyətlərini virtual formatda həyata keçirir, prioritetlər də mövcud fəaliyyətə uyğunlaşdırılır. Baş katib COVID-19 pandemiyası ilə bağlı vaksinlərin daşınması və təhlükəsizliyi məsələlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

ÜGT-nin Şura sədri Əhməd Əl Xəlifə çıxış edərək müzakirələrin səmərəli keçəcəyinə əminliyini bildirib, pandemiyanın yaratdığı çətinliklərdən, fəaliyyətin pandemiyaya uyğunlaşdırılmasından, təşkilatın maliyyələşməsi məsələlərindən danışıb. O da qeyd olunub ki, pandemiya şəraitində onlayn ticarətin həcmi artıb və bu da gömrük orqanlarının iş yükünü artıran amillərdəndir.

Görüşdə çıxış edən digər iştirakçılar pandemiyanın yaratdığı çətin şəraitdə gömrük orqanlarının fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Öz növbəsində, Dövlət Gömrük Komitəsinin sədri, ÜGT-nin Avropa Regionu üzrə sədr müavini Səfər Mehdiyev gələcək fəaliyyətin səmərəli şəkildə qurulması, pandemiyanın yaratdığı çətinliklərə uyğunlaşdırılması istiqamətində fikirlərini dilə gətirib.

Komitə sədri hazırda Avropa regionunda peyvəndləmə prosesinin sürətlə həyata keçirildiyini, Azərbaycanda da bu istiqamətdə xüsusi tədbirlərin reallaşdırıldığını bildirib.

Görüşdə ÜGT-nin 2021/2022-ci illər üçün iclaslarının təqvimi, prioritetlərin müəyyən edilməsi və iş metodları barədə məsələlər də müzakirə edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Mart 2021 00:00
195