Dövlət Gömrük Komitəsi və AMADA arasında görüş keçirilib
Dövlət Gömrük Komitəsi və AMADA arasında görüş keçirilib
İyulun 17-də Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında onlayn formatda görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli və hər iki qurumun aidiyyəti strukturlarının əməkdaşları iştirak edib.
Görüşdə iki qurum arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Bildirilib ki, dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizə antidopinq siyasətinin mühüm bir hissəsidir və bu sahədə aidiyyəti dövlət qurumları arasında səmərəli əməkdaşlıq mövcuddur. Qadağan edilmiş maddələrin internet resursları üzərindən onlayn sifarişi və bu yolla qanunsuz dövriyyəsi hallarının artması hazırda bütün dünya üçün aktual problemə çevrilib. Bu cür hallarla effektiv mübarizə aparmaq və qadağan edilmiş maddələrin ölkəmizə gətirilməsinin qarşısını almaq üçün aidiyyəti qurumların daha sıx əməkdaşlıq etməsi vacibdir.
Görüşdə həmçinin Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı Yaponiyada tətbiq ediləcək gömrük prosedurları müzakirə edilib. Bildirilib ki, COVİD 19 pandemiyası və beynəlxalq dopinq nəzarəti baxımından bu məsələyə çox həssas yanaşılır. Tokioya gedəcək nümayəndə heyətinin üzvləri bu barədə ətraflı məlumatlandırılıb. Bununla belə gömrük orqanları ilə birgə məlumatlandırıcı tədbirlərin keçirilməsi də məqsədəuyğundur.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi