Azərbaycan və Türkiyə GO narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizəni intensivləşdirəcək
Azərbaycan və Türkiyə GO narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizəni intensivləşdirəcək
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərililiyinin yüksəldilməsinə dair Tədbirlər Planına uyğun olaraq qardaş ölkənin Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin əməkdaşları respublikamıza işgüzar səfərə gəliblər.Sentyabrın 7-də Dövlət Gömrük Komitəsində Türkiyə Respublikasının Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin əməkdaşları ilə görüş keçirilib.Görüşdə Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general mayoru Məsum Rəsulov, Türkiyə Respublikasının Ticarət Nazirliyi Gömrük Hüquq Mühafizə Baş İdarəsinin rəisi Murat Yaman, eləcə də digər səlahiyyətli şəxslər iştirak ediblər.Görüşün keçirilməsində məqsəd Azərbaycan və Türkiyə gömrük orqanları arasında əlaqələrin səmərəli təşkili üçün birgə işçi qrupun yaradılması, mövcud və gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsi olub.Qonaqları salamlayan DGK Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov iki qardaş ölkənin gömrük qurumları arasındakı əlaqələrdən bəhs edib, Azərbaycan gömrük xidmətində tətbiq edilən yeniliklər barədə məlumat verib.Baş İdarənin rəisi əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, bu əlaqələrin əhatə dairəsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, birgə təlimlərin təşkili narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hər iki tərəf üçün faydalı ola bilər.Səmimi görüşə görə minnətdarlığını ifadə edən Türkiyə Respublikasının Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin rəisi Murat Yaman iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib.Görüş zamanı bu ilin müvafiq dövründə hər iki ölkənin gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə zamanı əldə edilən uğurlu nəticələr, bu sahədə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşün sonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin intensivləşdirilməsi, əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində razılıq əldə olunub, birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə hər iki tərəfdən səlahiyyətli şəxslər təyin edilib.Qeyd edək ki, Türkiyə və Azərbaycan gömrük orqanlarının əməliyyat idarələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi, kinoloji xidmətlər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması müvafiq razılaşmada öz əksini tapıb.Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinin işi ilə tanış olub və onun fəaliyyətini yüksək qiymətləndiriblər.Xatırladaq ki, qardaş ölkənin nümayəndə heyətinin səfəri sentyabrın 10-dək davam edəcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi