Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Almaniya hökumətinin ianə etdiyi tibbi maskalar ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən DGK təhvil verilib

Almaniya hökumətinin ianə etdiyi tibbi maskalar ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən DGK təhvil verilib

Sentyabrın 22-də Almaniya Federativ Respublikası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib.

Bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.

Təhvil-təslim mərasimində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı qeyd edib ki, pandemiya başlayandan COVID-19-a qarşı mübarizədə iştirak edən səhiyyə işçiləri və humanitar təşkilatların, eləcə də hökumət tərəfdaşları və maraqlı tərəflərin təhlükəsizliyinin təmin edilməsi ÜST üçün əsas prioritetə çevrilib. Öz növbəsində, Almaniya hökumətinin yardımı hazırkı şəraitdə ictimai səhiyyə və sosial tədbirləri genişləndirməyə kömək edəcək, səhiyyədə fövqəladə hallara hazırlığın artırılmasında rol oynayacaq.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev göstərilən yardıma görə Almaniya hökuməti və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib, pandemiya başlayandan bəri Azərbaycan Respublikasının Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu vurğulayıb.

Komitə sədri qeyd edib ki, pandemiyanın ilk mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün operativ tədbirlər görülüb. Pandemiyanın ilk günlərindən ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib, hazırda da sanitar-profilaktik və dezinfeksiya tədbirləri xüsusi rejimdə davam etdirilir. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Hospitalının koronavirusla mübarizədə öz işini tamamilə yenidən quraraq hələ ötən ilin iyunundan yalnız koronaviruslu xəstələri qəbul etməyə başladığını diqqətə çatdırıb. Hazırda pandemiya xəstəxanası kimi fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalında koronavirusun müalicəsi üçün hərtərəfli şərait yaradıldığı və peşəkar tibbi personalın xidmət göstərdiyi bildirilib.

Almaniyanın Azərbaycandakı səfiri Dr. Volfqanq Maniq COVID-19 ilə mübarizədə çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. "Almaniya peyvəndlərə, diaqnostikaya və maska kimi tibbi vasitələrə ədalətli, şəffaf və əlverişli şəkildə əlçatanlığı təmin etmək öhdəliyinə sadiqdir. Almaniya bəzi dövlətlərin ikitərəfli vədlərindən fərqli olaraq, bu öhdəliyi siyasi şərtlərlə əlaqələndirmir. Almaniya federal hökuməti uzunmüddətli perspektivdə regional sağlamlığı təmin etmək arzusundadır. Qazanılan təcrübəni gələcəkdə istifadə etmək məqsədilə ÜST-nin güclənməsi üçün çağırış edir," deyə o qeyd edib. "Almaniya hökuməti dünyada 100 milyon peyvənd dozasının paylanması daxil olmaqla, 2.2 milyard avro dəyərində töhfə verərək pandemiya ilə mübarizə üzrə qlobal səyləri dəstəkləyir".

Mərasimdə məlumat verildi ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün qeyri-hökumət təşkilatları da daxil olmaqla, yerli tərəfdaşlar arasında paylanacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Sentyabr 2021 00:00
195