Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında Anım Günü münasibətilə tədbir keçirilib

Gömrük Akademiyasında Anım Günü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib.

Mərasimdən öncə Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini ehtiramla anır.

İqbal Babayev qeyd edib ki, xalqımız işğalla heç zaman barışmadı, yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altındakı torpaqlarımızı 44 gün ərzində geri qaytardı. Bu tarixi qələbə isə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına başa gəldi. Buna görə indi hər bir Azərbaycan vətəndaşı bizə qələbə sevinci yaşadan şəhidlərimizə və qazilərimizə borcludur.

Vətən müharibəsində Dövlət Gömrük Komitəsinin də 60 nəfər əməkdaşının iştirak etdiyini diqqətə çatdıran Komitə sədrinin müavini onlardan Ülvi Hacıyevin şəhadətə qovuşduğunu, 9 nəfərinin isə yaralandığını bildirib. İqbal Babayev vurğulayıb ki, şəhidlərimiz, qazilərimiz heç zaman unudulmayacaq, daim diqqət mərkəzində olacaqlar.

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız bu müharibədə əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Vətən müharibəsində əldə edilən böyük qələbə xalqımızın, xüsusilə də gənc nəslin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, dövlət başçısı və xalq birliyinin sarsılmazlığını, millətimizin Vətən, dövlət sevgisini parlaq şəkildə nümayiş etdirdi.

Qulu Novruzov diqqətə çatdırıb ki, bu mərasimdə Gömrük Akademiyasına yeni qəbul olunan tələbələr, könüllü gömrükçülər də iştirak edir. Vətən müharibəsinin qəhrəmanları gənclərimiz üçün vətənpərvərlik nümunəsidir. Tələbələr əldə edəcəkləri bilik və bacarıqları ilə Azərbaycanın uğurlu inkişafı prosesinə fəal şəkildə qoşulacaq, dövlətin onlara olan etimadını doğruldacaqlar.

Daha sonra mərasimdə şəhid gömrükçü Ülvi Hacıyevin anası Həmidə Qurbanova çıxış edib. Ülvinin istər orta və ali məktəb illərində, istərsə də çalışdığı təşkilatlarda hörmət qazandığını qeyd edən şəhid anası övladının hər zaman Vətənini hər şeydən üstün tutduğunu vurğulayıb. 26 yaşlı Ülvinin itkisinin bir ana kimi ona ağır olduğunu bildirən Həmidə xanım, eyni zamanda, övladı ilə fəxr etdiyini deyib.

Həmidə Qurbanova Gömrük Akademiyasına yeni qəbul olunan tələbələrə təhsildə uğurlar arzulayıb, onlara hər zaman vətənin və xalqın marağını uca tutmağı tövsiyə edib. Şəhid anası qeyd edib ki, müstəqil Azərbaycan dövləti və ona sadiq vətəndaşlar olduqca şəhidlərimizin də xatirəsi əbədi yaşayacaq.

Şəhid Tahir Əliyevin atası Mahir Əliyev şəhidlərimizin qanının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad olunması kimi tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyib.

Şəhid atası bildirib ki, övladının da ən böyük arzusu torpaqlarımızı azad görmək idi. Məhz bu istək onu ön cəbhəyə - Vətən torpaqları uğrunda döyüşlərə aparıb. Şəhid ailələrinə, qazilərə xalqımızın və dövlətimizin qayğısından razılığını ifadə edən Mahir Əliyev vurğulayıb ki, Vətən, torpaq uğrunda şəhid olan oğullarımızla fəxr etməli, qürur duymalıyıq.

Mərasimdə Vətən müharibəsi qaziləri Elvin Qazaxov və Seyidəkbər Xaliqov çıxış edərək onlara göstərilən etimada və dəstəyə görə təşəkkür ediblər. Qazilər Vətən borcunu yerinə yetirmək imkanına görə şərəf duyduqlarını, şəhid olan qardaşlarının xatirəsinin onların qəlbində daim yaşayacağını bildiriblər.

Mərasimin sonunda könüllü gömrükçülərin ifasında şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya təqdim olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Sentyabr 2021 00:00
195