Azərbaycan və İspaniya gömrük orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan və İspaniya gömrük orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Dövlət Gömrük Komitəsində İspaniya Krallığının Türkiyə Respublikasındakı Səfirliyində Daxili İşlər Nazirliyinin məsləhətçisi Antonio Miqel Doblas Ximenesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev Azərbaycan gömrük xidmətinin hüquq-mühafizə fəaliyyətindən, mövcud potensialından, öhdəlik və hədəflərindən, xüsusilə də qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə etdiyi uğurlardan bəhs edib.
Bildirilib ki, sərhədkeçmə proseslərini sürətləndirmək, həmçinin hüquqpozmalarla mübarizəni daha da gücləndirmək məqsədilə son illər gömrük-keçid məntəqələrində ən müasir texniki nəzarət vasitələrindən istifadə edilir, qaçaqmalçılıqla ciddi mübarizə aparılır. Dövlət Gömrük Komitəsi sədrinin müavini ötən il ərzində gömrük orqanları tərəfindən 17144 hüquqpozma faktı aşkar edildiyini, ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının qanunsuz dövriyyədən çıxarıldığını diqqətə çatdırıb.
Əsgər Abdullayev İspaniya Krallığı gömrük xidməti ilə Azərbaycan gömrük orqanları arasındakı gələcək əməkdaşlıq imkanlarından söhbət açaraq, daha faydalı və səmərəli əlaqələrin qurulmasında qarşılıqlı təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Səmimi görüşə görə minnətdarlığını bildirən İspaniya Krallığının Türkiyə Respublikasındakı Səfirliyində Daxili İşlər Nazirliyinin məsləhətçisi Antonio Miqel Doblas Ximenes təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi işlər barədə məlumat verib.
Qeyd olunub ki, İspaniya gömrük təşkilatı dövlət təhlükəsizliyini qorumaqla yanaşı, riskləri analiz edir, qaçaqmalçılıqla mübarizə aparır. Antonio Miqel Doblas Ximenes onu da qeyd edib ki, bütün bunlara baxmayaraq narkotik qaçaqmalçılığına qarşı daha effektiv mübarizə əsas prioritetlərdən biridir.
Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirən qonaq bu sahədə birgə əməkdaşlıqda maraqlı olduqlarını da diqqətə çatdırıb. Antonio Miqel Doblas Ximenes gələcək əməkdaşlıq çərçivəsində birgə təlimlərin həyata keçirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılmasının əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi