Dövlət Gömrük Komitəsinin şəhid əməkdaşı Ülvi Hacıyevin xatirəsi anılıb
Dövlət Gömrük Komitəsinin şəhid əməkdaşı Ülvi Hacıyevin xatirəsi anılıb
30 yanvar gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı günündə Dövlət Gömrük Komitəsinin şəhid əməkdaşı Ülvi Hacıyevin xatirəsi anılıb. Anım mərasimində şəhidin ailə üzvləri və yaxınları, Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri, tanınmış sənətçilər, döyüş və iş yoldaşları, təhsil aldığı məktəbin şagirdləri iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən millət vəkili, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Dr. Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov, İnsan Resursları İdarəsinin rəisi Fərhad Babayev, xalq şairi Vahid Əziz, Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva, şəhid pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva, şəhidin döyüş yoldaşları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizin əldə olunmasında canlarından keçən şəhidlərin qəhrəmanlığından bəhs edib, onların xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Qeyd olunub ki, gömrükçü kimi nümunəvi xidməti ilə seçilən Ülvi Hacıyev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılıb və Vətən müharibəsinin ilk günlərində cəbhəyə yollanıb. Cəbrayıl, Xocavənd, Füzuli, Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və oktyabrın 18-də şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, şəhid Ülvi Hacıyev gömrük əməkdaşlarının peşə bayramı günündə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Mərasim zamanı medal şəhidin atası Şirin Hacıyevə təqdim olunub.
Mərasimdə Ülvi Hacıyevə həsr olunan mahnı ifa olunub, 6 nömrəli məktəb-liseyin şəhidin adını daşıyan 4c sinif şagirdləri Fəttah Babayev və Aydan Əsədullayeva şeirlər səsləndiriblər, eləcə də şəhidin həyatından və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş etdirilib.
Şəhidin anası Həmidə Qurbanova çıxış edərk Ülvi ilə bağlı xatirələrini bölüşüb və təşkilatçılara ailəsi adından minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Ülvi Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.