Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

2 fevral - Azərbaycan Gəncləri Günüdür

2 fevral - Azərbaycan Gəncləri Günüdür

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olunub. Ümumilikdə, 1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırılıb.

 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı isə gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

 Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət gənclər siyasətinin əsasını qoyub.

 Belə ki, 26 iyun 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb, 2 fevral 1996-cı ildə isə müstəqil Azərbaycan gənclərinin I Forumu keçirilib. Ondan bir il sonra 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb.

 MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə respublikamızda Gənclər Gününün təsis olunması dövlətimizin gənc nəslə diqqət və qayğısının bariz nümunəsidir. Yeri gəlmişkən, qeyd edim ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edilib.

 Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

 Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında, sosial-mədəni tədbirlərdə və digər sahələrdə fəal iştirak edirlər. Hazırkı dövrdə Azərbaycanda gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutmaqdadır. Ölkəmizdə könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib və ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib və gənclərimizin həyat tərzinə çevrilib.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif toplantılarda və ictimaiyyətlə görüşlərində könüllülük fəaliyyətinin cəmiyyət üçün müsbət rolundan və əhəmiyyətindən dəfələrlə bəhs edib. Dövlət başçısı 2019-cu il fevralın 1-də Gənclər Gününə həsr olunan respublika toplantısındakı nitqində xüsusi olaraq bu məsələnin üzərində dayanıb. Möhtərəm Prezidentimiz Azərbaycanda geniş vüsət alan könüllülər hərəkatını alqışladığını bildirib, dövlət təşkilatlarına və özəl sektora gənc könüllülərin işə cəlb edilməsini tövsiyə edib. Dövlət başçısının tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini rəhbər tutaraq, gömrük sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq məqsədilə Dövlət Gömrük Komitəsi sədrinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında” 2019-cu ilin mart ayında imzaladığı sərəncam ilə ilk dəfə olaraq gömrük sistemində də “Könüllü gömrükçü” dəstəsi yaradılıb.

 Habelə, könüllü gömrükçülərin fəaliyyətinin təkmilləşdirilməsi və hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Dövlət Gömrük Komitəsinin sistemində könüllü fəaliyyətin təşkilinə dair Metodika” hazırlanıb və Komitə sədrinin sərəncamı ilə təsdiq edilib.

 Bu günə kimi “Könüllü gömrükçü” dəstəsinə qoşulmaq üçün  4 000 nəfərin müraciəti qeydə alınıb. Ötən dövr ərzində ölkəmizin müxtəlif ali təhsil müəssisələrində, eyni zamanda, xaricdə təhsil alan və könüllü gömrükçü olmaq istəyən 1 211 nəfər gənc ilə müsahibə aparılıb, ümumilikdə isə 943 nəfər gənc “Könüllü gömrükçü” dəstəsinin üzvü kimi könüllü fəaliyyətə cəlb olunub.

 Eyni zamanda, Dövlət Gömrük Komitəsi respublikamızın regionlarında yaşayan gənclərin də həyatın bütün sahələrində iştirak imkanlarının artırılması, habelə gömrük sistemində könüllülük hərəkatının regionlarda intensivləşdirilməsi məqsədilə Ərazi Baş Gömrük İdarələrinin struktur bölmələrində 60 nəfər gənci könüllü fəaliyyətə cəlb edib.

 Bu gün Dövlət Gömrük Komitəsi Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” ifadəsinə  sadiq qalır, Prezident İlham Əliyevin "Gənclər, mən sizə inanıram, güvənirəm" devizini rəhbər tutaraq mütəmadi olaraq gənc kadrları işə cəlb edən və könüllülük hərəkatını dəstəkləyən dövlət qurumları arasında mühüm yer tutur.

 Bir sözlə, könüllü hərəkatı çərçivəsində bugünədək Dövlət Gömrük Komitəsində yüzlərlə gənc bilik və bacarıqlarını artırmaq, gömrük işini dərindən mənimsəmək imkanı əldə edib. 

 Hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bir çox dövlət qurumlarında olduğu kimi, Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən könüllü hərəkatının formalaşması da bu siyasətin bariz nümunəsidir.

 Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Azərbaycanda həyata keçirilən gənclər siyasəti eyni zamanda gənc nəsli vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirib. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

 

Vüqar Əliyev

Dövlət Gömrük Komitəsi

Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi,"Könüllü gömrükçü" dəstəsinin rəhbəri

2 Fevral 2022 11:00
195