Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının Gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Hudanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Fevralın 10-da nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Daha sonra Dövlət Gömrük Komitəsində görüş keçirilib.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Azərbaycanla Pakistan arasında strateji əməkdaşlıq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Bildirilib ki, beynəlxalq və regional əhəmiyyətli məsələlərdə dövlətlərimiz qarşılıqlı dəstək və etimad nümayiş etdirirlər, Pakistan dövləti və xalqının 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə bütün müstəvilərdə tam dəstək verməsi bunun bariz nümunəsidir.

Səfər Mehdiyev qarşılıqlı münasibətlərin iqtisadi, eləcə də gömrük işinin təşkili sahəsində inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu və imkanlardan səmərəli istifadə etməklə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində həyata keçirilən islahatlardan danışan Komitə sədri tətbiq edilən yeniliklər hesabına Azərbaycan gömrüyünün çevik və dinamik bir quruma çevrildiyini diqqətə çatdırıb. Məlumat verilib ki, Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb. Gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Səfər Mehdiyev iki ölkənin gömrük orqanları arasında təcrübə və məlumat mübadiləsinin, hərtərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Huda Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, səmimi görüşə görə təşəkkürünü bildirib.

Syed Muhammad Tariq Huda qeyd edib ki, iki qardaş ölkə arasında strateji əməkdaşlıqla yanaşı, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi üçün mühüm imkanlar var və aidiyyəti qurumlar, o cümlədən gömrük orqanları bu sahənin inkişafına, qarşılıqlı ticarət dövriyyəsinin artmasına təkan verə bilər.

Qonaqlar Azərbaycan gömrük xidmətində tətbiq olunan müasir informasiya texnologiyalarına dair təqdimatla da tanış olublar.

Sonra “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında 2022/2023-cü illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər Planı”nın imzalanması mərasimi keçirilib.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının Gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Huda imzalayıblar.

Görüşün sonunda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının Gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Hudaya gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" Azərbaycan Respublikasının yubiley medalını təqdim edib. 

Görüşdə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Billa Haye də iştirak edib.

Xatırladaq ki, Pakistan nümayəndə heyətinin səfəri fevralın 13-dək davam edəcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 Fevral 2022 18:33
195