Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət sərhədində sanitariya nəzarəti işinin təşkili ilə bağlı “Dəyirmi masa” keçirilib

Dövlət sərhədində sanitariya nəzarəti işinin təşkili ilə bağlı “Dəyirmi masa” keçirilib

“Dövlət Gömrük Komitəsi tərəfindən dövlət sərhədində sanitariya nəzarəti işinin təşkili və qurumlararası əməkdaşlıq” mövzusunda “Dəyirmi masa” keçirilib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nəzdində Sanitar Karantin Xidmətinin yaradılmasının ildönümünə həsr edilmiş tədbirdə Dövlət Gömrük Komitəsi ilə yanaşı, sərhəddə sanitariya nəzarətinin təşkilində iştirak edən dövlət qurumlarının və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov vurğulayıb ki, pandemiya dövründə Prezident İlham Əliyev tərəfindən insanların sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi məqsədilə xüsusi tədbirlər həyata keçirilib. Dövlət Gömrük Komitəsi də qarşıya qoyulan məsələlərin uğurla icra edilməsi, xüsusilə COVİD-19 virusuna yoluxan insanların Mərkəzi Gömrük Hospitalında müalicəsi, gömrük-sərhəd keçid məntəqələrində sanitar-epidemioloji nəzarətin səmərəli təşkili, bu sahəyə cavabdeh  olan dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi, malların və nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkətinin təmin olunması istiqamətində mühüm addımlar atıb. O da qeyd olunub ki, görülən tədbirlərin nəticəsi olaraq pandemiya dövründə idxal-ixrac əməliyyatları və tranzit daşımaların həcmində artım müşahidə olunub. Komitə sədrinin müavini  Tibbi Xidmət İdarəsinin nəzdində Sanitar Karantin Xidmətinin yaradılmasının əhəmiyyətindən, dövlət sərhədində sanitariya nəzarətinin təşkilində qurumun rolundan məmnunluqla bəhs edib.

 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov əhalinin sağlamlığının qorunmasının ölkə rəhbərliyi  tərəfindən daim nəzarətdə saxlanıldığını bildirib. Qeyd olunub ki,  bu  istiqamətində qarşıya qoyulan məsələlərdən biri də dövlət sərhədində  epidemioloji sabitliyə ciddi nəzarət edilməsidir. Ceyhun Məmmədov dövlət sərhədində sanitariya-karantin tədbirlərinin gücləndirilməsi, təhlükəli xəstəliklərin sərhəd-buraxılış məntəqələrində qarşısının alınmasında Sanitar-Karantin Xidmətinin əhəmiyyətli rol oynadığını vurğulayıb.

 Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva çıxış edərək dövlət sərhədində sanitariya nəzarətinin təşkili və bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs ediblər.

“Dəyirmi masa”nın moderatoru, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım “DGK TXİ Sanitar Karantin Xidmətinin yaradılmasının məqsəd və vəzifələri” mövzusunda ilk məruzə ilə çıxış edib. O, təqdimatında Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin fəaliyyəti, gördüyü işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

 Daha sonra Dövlət Gömrük Komitəsinin, Səhiyyə nazirliyinin, TƏBİB-in və ÜST-nin mütəxəssisləri  tərəfindən dövlət sərhədində sanitariya nəzarətinin təşkili, qurumlararası əməkdaşlıq, COVİD-19 xəstəliyinə şübhəlilərin aşkarlanması və digər mövzularda məruzələrlə çıxış edib, mövzularla bağlı fikir mübadiləsi aparıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Fevral 2022 10:12
195