Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sumqayıt Baş Gömrük İdarəsində soyqırım qurbanlarının xatirəsi anıldı

Sumqayıt Baş Gömrük İdarəsində soyqırım qurbanlarının xatirəsi anıldı

Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə Sumqayıt Baş Gömrük İdarəsində anım mərasimi keçirilib.

   Mərasimin əvvəlində  Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Coşqun Əhmədzadə XX əsrin ən dəhşətli qətliamlarından biri olan Xocalı soyqırımının ermənilərin Azərbaycana qarşı çoxəsrlik ərazi iddialarının tərkib hissəsi olduğunu bildirib. Vurğulanıb ki,  Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı törədilən qanlı cinayətdir.  Coşqun Əhmədzadə diqqətə çatdırıb ki, Xocalı soyqırımına əsl qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib və onun həyata keçirdiyi uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində soyqırımın həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

   Sumqayıt Baş Gömrük İdarəsi rəisinin birinci müavini Sahib Axundov çıxış edərək soyqırım qurbanlarının xatirəsinin hər zaman ehtiramla anıldığını və xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildirib.  İdarə rəisinin birinci müavini müavini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində Xocalı soyqırımı qurbanlarının da qisasının alındığını, şəhidlərin qanlarının yerdə qalmadığını vurğulayıb.

Mərasimdə digər çıxış edənlər soyqırım qurbanlarının əziz xatirəsinin daim yaşadılacağını və hər zaman ehtiramla yad olunacağını bildiriblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Fevral 2022 15:18
195