Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Türkmənistan gömrük mütəxəssisləri arasında görüş keçirilib

Azərbaycan və Türkmənistan gömrük mütəxəssisləri arasında görüş keçirilib

Gömrük sistemində informasiya texnologiyalarının tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi Türkmənistan gömrük xidmətində maraq doğurur. Bu məqsədlə iki ölkənin gömrük orqanlarının mütəxəssislərinin iştirakı ilə onlayn formatda görüş keçirilib. 

Görüşdə Azərbaycan və Türkmənistan gömrük xidmətlərinin informasiya texnologiyalarının tətbiqi, gömrük nəzarəti və beynəlxalq əlaqələrin təşkili üzrə məsul nümayəndələri iştirak ediblər. 

Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov son illər Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib. Qeyd edilib ki, islahatların mühüm istiqamətlərindən biri də gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, smart həllər hesabına gömrük əməliyyatlarının sadələşdirilməsi və sürətləndirilməsidir. 

Baş İdarənin rəisi bu istiqamətdə Azərbaycan gömrüyünün fəaliyyəti barədə danışıb, resursların idarə olunması, elektron xidmətlər, informasiya mübadiləsi və digər sahələrdə tətbiq edilən yeniliklərdən, layihələrdən bəhs edib. 

Sonra DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Səməd Qaralov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev çıxış ediblər. Onlar “Bir pəncərə” prinsipinin sərhədkeçmə proseslərində tətbiqi, kağızsız texnologiyalar, beynəlxalq yükdaşımaların elektronlaşdırılması, “Yaşıl dəhliz”, “Elektron pəncərə” və digər layihələr barədə türkmənistanlı həmkarlarını məlumatlandırıb, onların suallarını cavablandırıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

   

31 Mart 2022 14:52
195