DGK-nın Tibbi Xidmət İdarəsi Beynəlxalq Sağlamlıq gününə həsr edilmiş tibbi xeyriyyə aksiyası keçirib
DGK-nın Tibbi Xidmət İdarəsi Beynəlxalq Sağlamlıq gününə həsr edilmiş tibbi xeyriyyə aksiyası keçirib
Aprelin 7-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 7 aprel - Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş tibbi xeyriyyə aksiyası keçirilib.
Cəmiyyətimizdə yaşlı insanlara hər zaman dərin ehtiram göstərilib, ahıllar daim qayğıilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşıb. Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. Ahıl insanların hərtərəfli qayğı ilə əhatə olunması üçün dövlət tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər, xeyriyyə aksiyaları keçirilir, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi də bu istiqamətdə həyata keçirilən siyasətə dəstək vermək üçün müvafiq addımlar atır.
Mərkəzi Gömrük Hospitalının aksiyaya cəlb edilmiş yüksəkixtisaslı həkimləri tərəfindən müəssisənin 120-yə yaxın sakini tibbi müayinədən keçib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisinin müavini Rəna Qasımova, Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva və Mərkəzi Gömrük Hospitalının həkimləri iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqları Samir Mustafayev, Emin Allahverdiyev, endokrinoloqu Naidə Novruzova, oftalmoloq Aynurə Əliyeva, damar cərrahı Səbuhi Dadaşov, təcili yardım həkimi Bəylər İmanov, nevroloqlar Arzu Məhərrəmova, Mehriban Məmmədova, psixiatr İradə Ramazanova, uroloq Bəhruz Xalıqov, dermatoloq Sevinc Kərimova və sonoloq Tükəzban Abdullayeva pansionatın yaşlı sakinlərini müayinə edib, onlara tibbi məsləhətlər verib, lazım olan müalicələri təyin ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, 2020-ci ilin avqust ayında start verdiyimiz “Sağlam Ahıllar” xeyriyyə layihəsi çərçivəsində növbəti tədbiri keçiririk. Məqsədimiz ahıl insanları müayinə etmək, onlarda olan xəstəliklərin erkən aşkarlanmasına və qarşısının alınmasına köməklik göstərməkdir. İ.Əfəndiyev deyib: “Bu gün burada çoxprofilli həkimlər: kardioloqlar, terapevtlər, uroloqlar, cərrahlar, radioloqlar və tibb bacıları yaşlı insanları müayinə edəcək, tibbi xidmət göstərəcəklər. Burada yaşayan insanlar xəstəliklərinə uyğun olaraq yerində müayinə olunacaqlar. Mərkəzi Gömrük Hospitalından gətirdiyimiz dərmanlar ehtiyacı olanlara təyin ediləcək və onlar müvafiq müalicələrini alacaqlar”.
Mərkəzi Gömrük Hospitalının rəisinin müavini Rəna Qasımova aksiya çərçivəsində göstəriləcək tibbi xidmətlərdən danışaraq qeyd edib ki, bu müəssisədə yaşayan ahıllar daha çox nevroloji, kardioloji, uroloji, oftalmoloji, endokrinoloji və qan-damar xəstəliklərindən əziyyət çəkirlər. Onlar üçün hipoqlikemik dərmanlar, antibitiklər, ağrıkəsicilər, qan duruldan, qan artıran, qan təzyiqini tənzimləyən və s. dərmanlar gətirilib. Lazım olan zəruri aparatlar: arterial təzyiqi ölçən aparatları, fonendoskopları hədiyyə olaraq onlara paylayacağıq”.
Tədbirin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Samirə Mehtiyeva Tibbi Xidmət İdarəsinin bu cür aksiyalar keçirməsinin ənənə halını almasını yüksək qiymətləndirib və qeyd edib ki, bu aksiyalar zamanı həkim briqadalarının pansionata səfəri, yaşlı insanları müayinə etməsi, lazımi dərmanlarla təchiz etməsi ahıllara göstərilən qayğı və diqqətin bariz nümunəsidir.