Gömrük sisteminin modernləşdirilməsi üzrə daha bir layihənin icrasına başlanılıb
Gömrük sisteminin modernləşdirilməsi üzrə daha bir layihənin icrasına başlanılıb
Aprelin 7-də Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti və Koreyanın “KCNET” şirkətinin mütəxəssisləri arasında “Gömrük sisteminin modernləşdirilməsi üzrə məsləhətləşmə layihəsi - 2022” çərçivəsində onlayn formatda görüş keçirilib.
Tədbirdə sözügedən layihə ilə bağlı müzakirələr aparılıb.
DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov giriş nitqi ilə çıxış edərək görüşün səmərəli keçəcəyinə və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Eldar Abbasov sözügedən layihənin Dövlət Gömrük Komitəsinin İT infrastrukturunun müasirləşdirilməsində mühüm rol oynayacağına, layihə çərçivəsində görülən işlərin qarşılıqlı fayda verəcəyinə əminliyini ifadə edib.
Sonra “KCNET” şirkətinin layihə meneceri Kim Yang Kwang “Gömrük sisteminin modernləşdirilməsi üzrə məsləhətləşmə layihəsi - 2022” haqqında görüş iştirakçılarına məlumat verib, icra olunan layihənin noyabrın 30-dək davam edəcəyini söyləyib.
Qeyd edilib ki, layihənin icraçısı olan “KCNET” şirkətinin əməkdaşlarının may ayında Azərbaycana səfəri gözlənilir. Səfər zamanı şirkətin nümayəndələri Dövlət Gömrük Komitəsinin aidiyyəti sahələr üzrə mütəxəssisləri ilə görüşəcək və cari vəziyyətin qiymətləndirilməsi prosesini həyata keçirəcək. Təhlil nəticəsində əldə olunmuş məlumatlar əsasında mütəxəssislər sentyabr ayından yeni modellərin yaradılması üzərində işləyəcəklər.
Bununla yanaşı, avqust ayında layihə mütəxəssislərinin həm Koreya, həm də Azərbaycan gömrük xidmətinə aidiyyəti üzrə hesabatının təqdim olunması gözlənilir. Sentyabr-oktyabr aylarında DGK nümayəndə heyətinin Koreyaya səfəri, noyabr ayında isə layihənin yekunlaşdırılacağı planlaşdırılır.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi