Gömrük əməkdaşları üçün reaktiv maddələri aşkarlama cihazı ilə bağlı təlim keçirilib
Gömrük əməkdaşları üçün reaktiv maddələri aşkarlama cihazı ilə bağlı təlim keçirilib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Agilent” reaktiv maddələri aşkarlama cihazı ilə bağlı təlim keçirilib.
Təlim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Böyük Britaniya Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməliyyatlar İdarəsinin birgə həyata keçirdiyi “Hunter” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirin açılış mərasimində DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədov, Böyük Britaniya Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməliyyatlar İdarəsinin regional müdiri Ceyn Voolley, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin nümayəndələri və Komitənin strukturuna daxil olan idarələrin əməkdaşları iştirak ediblər.
DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Kənan Məmmədov iki ölkənin gömrük orqanları arasında səmərəli əməkdaşlıqdan bəhs edib və 2017-ci ildən birgə həyata keçirilən “Hunter” layihəsinin gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, risklərin idarə olunması sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi, dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri, eləcə də səyahətçilər üzrə sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsinin aparılması və bu sahələrdə texniki yardımın göstərilməsi baxımından əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan beynəlxalq tranzitin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə mühüm addımlar atır. Bu istiqamətdə gömrük orqanlarının fəaliyyətindən danışan Kənan Məmmədov vurğulayıb ki, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi ilə yanaşı, təhlükəsizliyin təmin olunması, qaçaqmalçılığa qarşı mübarizə də xüsusi önəm daşıyır.
Baş İdarənin rəisi xüsusilə gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, müasir aşkarlama avadanlıqlarından istifadə və həmin avadanlıqların Dövlət Gömrük Komitəsinə təqdim edilməsinə görə Böyük Britaniya Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməliyyatlar İdarəsinə və bu ölkənin Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirib, əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.
Böyük Britaniya Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməliyyatlar İdarəsinin regional müdiri Ceyn Voolley təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasındakı əməkdaşlıqdan məmnuniyyətlə bəhs edib, beynəlxalq ticarətin təhlükəsiz şəkildə həyata keçirilməsində Azərbaycanın mühüm rol oynadığını və bu istiqamətdə ölkəmizə dəstək göstərəcəklərini diqqətə çatdırıb. Ceyn Voolley Azərbaycan gömrük xidməti ilə dostluq, qarşılıqlı etimad müstəvisində qurulan əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Sonra Böyük Britaniyanın “Agilent” texnologiyalar şirkətinin mütəxəssisi Rachel McGee tərəfindən “Agilent” reaktiv maddələri aşkarlama cihazı ilə bağlı təlim keçirilib. Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Hunter” layihəsi çərçivəsində Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunda Böyük Britaniya Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməliyyatlar İdarəsi və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş də keçirilib.
Görüş zamanı “Hunter” layihəsi çərçivəsində bu il martın 21-25 tarixlərində Türkiyə Respublikasının İzmir şəhərində “Konteynerlərdə axtarış” üzrə keçirilmiş təlimin nəticəsi olaraq, Böyük Britaniya Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməliyyatlar İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinin Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postuna gömrük nəzarəti zamanı istifadə olunacaq alət dəstləri və müxtəlif axtarış avadanlıqları təqdim olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi