Gömrük əməkdaşları saxta xalçalar və onları fərqləndirməyin yolları barədə bilgiləndirilib
Gömrük əməkdaşları saxta xalçalar və onları fərqləndirməyin yolları barədə bilgiləndirilib
Aprelin 19-da Azərbaycan Milli Xalça Muzeyində gömrük əməkdaşları üçün "Mədəni sərvətlərin və saxta xalça məhsullarının müəyyən edilməsi" mövzusunda təlim keçirilib.
Təlim "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək, bu sahədə gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq məqsədilə təşkil edilib.
Təlimdən əvvəl gömrükçülər muzeyin eksponatları, həmçinin Azərbaycan xalçalarının tarixi, xalçaçılıq məktəbləri, xalq tətbiqi sənəti nümunələri ilə tanış olublar.
Azərbaycan Milli Xalça Muzeyinin eksponatların mühafizəsi üzrə direktor müavini Mira Məmmədxanova təlimin açılışında muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri və nümayiş olunan eksponatlar haqqında məlumat verib. Mira Məmmədxanova mədəniyyət sərvətlərinin qanunsuz olaraq ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının qarşısının alınması məqsədilə yaradılan ekspert komissiyalarının fəaliyyəti barədə də məlumat verib, Azərbaycan Milli Xalça Muzeyinin Dövlət Gömrük Komitəsi ilə bu istiqamətdə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.
DGK Sərhəddə Gömrük Prosedurlarının Təşkili İdarəsinin rəisi Pərviz Qədirov "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" çərçivəsində görülən işlərdən danışıb, təlimin gələcəkdə gömrük əməkdaşlarının peşə bacarıqları və bilik səviyyəsinin artırılmasına töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, Dövlət Gömrük Komitəsi Azərbaycan adı ilə xaricdə istehsal edilən saxta xalçaların ölkəmizə idxalının qarşısını alır, bu sahədə qaçaqmalçılıqla ciddi mübarizə aparır və gömrükçülərin bilik səviyyəsinin artırılması istiqamətində davamlı işlər görür.
Sonra sözügedən Dövlət Proqramı ilə bağlı həyata keçirilən təlimlər barədə məlumat verilib, gömrükçülərin sualları ətrafında müzakirələr aparılıb. Təlimdə başqa ölkələrdə Azərbaycan adı ilə istehsal edilən saxta xalçalar, onları fərqləndirməyin yolları, eyni zamanda, əl ilə toxunan və sənaye üsulu ilə hazırlanan xalçaların müxtəlif cəhətləri izah edilib.
Sonda Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən təlimin yekunları ilə bağlı qiymətləndirmə keçirilib.
Təlimin təşkilati işlərində "Könüllü gömrükçü"lər də fəal iştirak ediblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi