Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Narkotiklərə yox deyək!” mövzusunda tədbir  keçirilib

“Narkotiklərə yox deyək!” mövzusunda tədbir  keçirilib

Aprelin 27-də Dövlət Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstəsinin üzvləri və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan könüllü hərəkatının könüllüləri üçün “Narkotiklərə yox deyək!” mövzusunda tədbir  keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyaya və onun törətdiyi fəsadlara qarşı mübarizə istiqamətində gənc nəslin maarifləndirilməsi, gömrük orqanları tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat vermək olub.

DGK Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru  Güloğlan Muradlı çıxış edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Bildirilib ki,  Prezident İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın çərçivəsində kompleks  tədbirlər həyata keçirilir.

Güloğlan Muradlı narkotik vasitələrin zərərləri, son dövrlərdə dünyada və regionda narkoşərait ilə bağlı  məlumat verərək Dövlət Gömrük Komitəsinin vəzifələri və hüquq mühafizə  orqanlarının bu sahədə apardığı mübarizəyə həsr olunanan təqdimatla çıxış edib.

DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri Vüqar Əliyev Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının gənclər arasında yayılmasının qarşısını alınması, mübarizə tədbirləri ilə bağlı təşkil edilən tədbirin əhəmiyyətindən və "Könüllü gömrükçü" dəstəsinin fəaliyyətindən söhbət açıb. Vüqar Əliyev son zamanlar narkomaniyanın əhatə dairəsinin genişləndiyini, narkotikdən asılı insanlar arasında gənclərin sayının artdığını təəssüflə qeyd edərək, könüllüləri “ağ ölüm”lə fəal  mübarizə aparmağa səsləyib.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov Mərkəzdə təlimçi kinoloq və xidməti  axtarış itlərinin hazırlanması, xüsusi təlim keçən itlərin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının aşkar edilməsi istiqamətində əldə etdiyi nailiyyətlərdən danışıb, gənclərə cəmiyyətdə layiqli yer tutmaq üçün narkotiklərdən uzaq olmağı tövsiyə edib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev təşkilatçılığa, xüsusilə də son illər vacib əhəmiyyətə malik mövzu ilə bağlı gənclərin maarifləndirilməsinə göstərdiyi təşəbbüsə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə və bu istiqamətdə gərgin əmək sərf edən gömrükçülərə təşəkkür edib. Yusif Vəliyev çıxışı zamanı Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən narkotik vasitələrin  gənclər arasında yayılmasına qarşı müxtəlif maarifləndirici  və təbliğat xarakterli işlərin görüldüyünü də  diqqətə çatdırıb.

Tədbirdə, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə hazırlanmış fotomateriallar və videoçarxlar təqdim olunub. Kinoloji Mərkəzinin fəaliyyəti narkotik vasitələrin və psixotop maddələrin ziyanı ilə bağlı nümayiş olunan video-çarxlar könüllülər tərəfindən maraqla qarşılanıb. 

Daha sonra könüllüləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, tədbirdə  Dövlət Gömrük Komitəsində  “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə yanaşı, Azərbaycan  Könüllü  Təşkilatları İttifaqına üzv olan 10 təşkilatın 20-dək üzvü iştirak edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Aprel 2022 13:49
195