Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb

Aprelin 28-də Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Mərasimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın əməkdaşları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov və kollegiyanın nümayəndələri iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novruzov qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Akademiya ilə Kollegiya arasında əməkdaşlığın gələcək perspektivlərindən söz açaraq, tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş vəkillərin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlər barəsində danışıb.

Daha sonra Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı geniş təqdimat nümayiş etdirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Akademiyanın müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətindəki fəaliyyətini və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Anar Bağırov son dövrlərdə vəkilliyin inkişafı və Kollegiyanın fəaliyyəti barəsində ətraflı məlumat verib. O, Dövlət Gömrük Komitəsinin Akademiyası ilə qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.

Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədri Anar Bağırov birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili, həmçinin Akademiyada hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və s. məsələlər nəzərdə tutulub.

Daha sonra Akademiyanın rəisi Qulu Novruzov Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin müvafiq əmrilə təltif edilən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırova Dövlət Gömrük Komitəsinin 30 illik yubiley medalını təqdim edib.

Görüşün sonunda qarşılıqlı simvolik hədiyyələr təqdim olunub.

Mərasimdən sonra qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyəti ilə yaxından tanış olublar.

29 Aprel 2022 09:21
195