Beynəlxalq Elmi Konqres keçirilib
Beynəlxalq Elmi Konqres keçirilib
Mayın 5-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə 5 may-Beynəlxalq mama gününə həsr edilmiş "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqres keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayan konqresdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, əməkdar həkim Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək ana-uşaq sağlamlığının qorunması istiqamətində ölkəmizdə təqdirəlayiq addımların atıldığını qeyd edib və bu məsələnin həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıb. C.Məmmədov deyib: “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu mühüm sahəni daim öz şəxsi nəzarətlərində saxlayırlar. Son illərdə Respublikada həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda bu sahədə tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəldilmiş, kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilmişdir.”
Ana-uşaq sağlamlığının qorunmasında və doğuşaqədər xidmətlərin təşkilində mamaların xüsusi rola malik olduğunu qeyd edən C.Məmmədov mamalar və həkim-mama-ginekoloqların əlaqələndirilmiş işinin bu sahədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bir çox dövlət qurumlarının və beynəlxalq təşkilatların rəsmi nümayəndələrinin, eləcə də Bakı şəhərinin və regionların dövlət və özəl tibb müəssisələrində çalışan həkim və mamaların iştirak etdiyi konqresin açılış hissəsində eyni zamanda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Səhiyyə nazirinin müavini İlqar Qasımov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, Rəşad Mahmudov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin direktoru, professor Cəmilə Qurbanova və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt da çıxış edib.
Rəsmi açılış hissəsindən sonra Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin direktoru, professor Cəmilə Qurbanova, Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının müdiri, professor, əməkdar həkim Elmira Əliyeva və Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri, professor, əməkdar elm xadimi Hicran Bağırovanın moderatorluğu ilə “Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri” paneli öz işinə başlayıb. Paneldə Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqları Fidan İsrafilbəyli və Caroline Fox “Böyük Britaniyanın universitet klinikasında ekstragenital patologiyası olan hamilə qadınlara antenatal xidmətin təşkili” və “Ürək patologiyası olan qadınlarda hamiləliyin təqibi xüsusiyyətləri, Böyük Britaniya təcrübəsi” mövzularında təqdimatlarla çıxış ediblər.
Hibrid formatda təşkil olunmuş konqresdə Avropa Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor Ferid Saracoğlu, İstanbul Aydın Universitetinin professoru, İstanbul Aydın Universiteti Xəstəxanasının Süni Mayalanma Mərkəzinin rəhbəri Banu Aygün Kumbak, Türkiyə Ginekolojik Endoskopiya Cəmiyyətinin prezidenti, professor Fatih Şendağ və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu, professor Ahmet Cem İyibozkurt yerli mütəxəssislərlə birgə panel rəhbəri qismində iştirak ediblər.
Ümumilikdə konqresdə “Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri”, “Hamiləlik və daxili xəstəliklər”, “Hamiləlikdə endokrin, qan xəstəlikləri və psixi status”, “Hamiləlikdə infeksiyalar və cərrahi patologiyalar” başlıqlı 4 paneldə Azərbaycan, Türkiyə və Böyük Britaniyanın yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış 16 məruzə dinlənilib.