Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

Dövlət Gömrük Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

Dövlət Gömrük Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib. 

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov dahi rəhbərin həyatı və ictimai-siyasi fəaliyyətindən danışaraq bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu  Heydər Əliyev tarixin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir. O, bütün həyatını xalqına həsr edərək milli irsin, mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində müstəsna rol oynayıb. 

Qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasətinin, yüksək idarəçilik bacarığının sayəsində 20-ci əsrin sonuncu onilliyində müstəqil Azərbaycan dövləti yenidən formalaşaraq güclənib, dünya birliyinin etibarlı üzvünə çevrilib. Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə Heydər Əliyev ölkəmizin iqtisadiyyatının qurulması və şaxələndirilməsində, sənayenin, kənd təsərrüfatının inkişafında, müasir tələblərə cavab verən elm ocaqlarının təşkilində, milli kadrların yetişdirilməsi istiqamətində qətiyyətli addımlar atıb. 

İsmayıl Hüseynov onu da diqqətə çatdırıb ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər ölkəmizi iqtisadi və siyasi böhrandan çıxararaq, dövlətçiliyimizi sağlam təməllər üzərində inşa etdi. Daxili çəkişmələrə son qoyan, ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atan Heydər Əliyevin zəngin dühası sayəsində qısa zamanda mühüm dövlət təsisatları formalaşdı, müstəqil Azərbaycan regionun lider dövlətinə çevrildi.

Bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili sahəsində də dövlət siyasəti müəyyənləşdirildi, müasir gömrük xidməti formalaşdırıldı. Gömrük orqanları və əməkdaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasında mühüm addımlar atan Ulu Öndərin bu sahədə zəngin biliyi tezliklə gömrük orqanlarının dinamik inkişafına, ölkənin strateji qurumlarından biri kimi formalaşmasına və ümumdünya gömrük ailəsinin etibarlı üzvünə çevrilməsinə zəmin yaratdı. 

Vurğulanıb ki, Ümummilli Liderin dövlətimizə, xalqımıza ən mühüm töhfəsi uğurlu siyasi varisi, onun ideyalarının sadiq daşıyıcısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun ən qabaqcıl dövlətinə çevirdi. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə, ərazi bütövlüyümüzün bərpası ata nəsihətini yerinə yetirən Müzəffər Ali Baş Komandanın məhz Heydər Əliyev ideyalarına əsaslanan uzaqgörən siyasətinin nəticəsidir. 

Sonra Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, gömrük əməkdaşı Aytən Pirəliyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat yolundan, dövlətimizin qurulub möhkəmlənməsi istiqamətindəki yorulmaz fəaliyyətindən, gömrük orqanlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib, Ulu Öndərin ideyalarının daim  yaşadılacağını, dövlətimizin və xalqımızın gələcəyinə işıq tutacağını bildiriblər. 

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 May 2022 15:19
195