Beynəlxalq Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantına uyğunlaşdırılması mövzusunda seminar keçirilib
Beynəlxalq Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantına uyğunlaşdırılması mövzusunda seminar keçirilib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının Beynəlxalq Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantına uyğunlaşdırılması və preferensial mənşə ölkələrinə nəzarətin gücləndirilməsi mövzularında seminar keçirilib. Seminarda Komitənin aidiyyəti struktur bölmələrinin 30-a qədər əməkdaşı iştirak edib.
Seminarın açlışında Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov bildirib ki, Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiyaya əsasən Harmonikləşdirilmiş Sistemdə mövcud uyğunsuzluqların, çatışmazlıqların aradan qaldırılması, həmçinin yeni mal mövqelərin sinifləşdirilməsi məqsədilə Ümumdünya Gömrük Təşkilatının Harmonikləşdirilmiş Sistem Alt Komitəsinin iclaslarında üzv ölkələrin, beynəlxalq təşkilatların və müstəqil ekspertlərin iştirakı ilə dəyişikliklər və düzəlişlər edilməklə yeni versiya hazırlanıb.
2022-ci ildən Ümumdünya Gömrük Təşkilatının üzv dövlətlərində tətbiq edilməsi nəzərdə tutulan Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantı Gömrük Əməkdaşlıq Şurasının 2019-cu ilin 28 sentyabr tarixli tövsiyəsinə uyğun olaraq təsdiq edilib. Harmonikləşdirilmiş Sistem 2022 dünya ticarətinin strukturundakı, həmçinin sosial və ekologiya məsələləri üzrə qlobal dəyişikliklər nəzərə alınmaqla növbəti 5 illik dövrü əhatə edərək 351 yarımmövqe üzrə düzəlişi özündə əks etdirir.
Vurğulanıb ki, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodların Beynəlxalq Harmonik Sistemin 2022-ci il variantına uyğunlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsinin müvafiq dövlət qurumları ilə razılaşdırılmış təklifinə əsasən hökumət tərəfindən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Qərar təsdiq olunub.
Qeyd edək ki, 2 gün davam edən seminarda Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının Beynəlxalq Harmonikləşdirilmiş Sistemin 2022-ci il variantına uyğunlaşdırılması və preferensial mənşə ölkələrinə nəzarətin gücləndirilməsi barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi