Gömrük Akademiyası və Ege Universitetinin birgə təşkilatçılığı ilə simpozium keçirilib
Gömrük Akademiyası və Ege Universitetinin birgə təşkilatçılığı ilə simpozium keçirilib
12-13 may tarixlərində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Soyuq müharibədən sonrakı dövrdə sosial, iqtisadi və siyasi inkişaf kontekstində Cənubi Qafqaz" mövzusunda II beynəlxalq simpozium keçirilib. Onlayn formatda seksiyalarla iki gün davam edən simpoziuma hər iki ali təhsil müəssisəsinin nümayəndələri ilə yanaşı Özbəkistan, Gürcüstan, Rusiya və Ukraynadan da alim-tədqiqatçılar qatılıblar.
Tədbirin əvvəlində Azərbaycanın və Türkiyənin vətən uğrunda canlarını fəda etmiş şəhidlərinin ruhu bir dəqiqəlik sükütla yad edilib və hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Cənubi Qafqazda baş verən son hadisələrə nəzər yetirilməsi və problemlərin elmi platformada həlli məqsədilə təşkil edilən simpoziumda açılış nitqi ilə çıxış edən Ege Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Beynəlxalq əlaqələr kafedrasının müəllimi, professor Aydın İbrahimov iştirakçıları salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. Aydın İbrahimov SSRİ dağıldıqdan sonra Cənubi Qafqazda beynəlxalq paradiqmaların köklü şəkildə dəyişildiyini vurğulayaraq, Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələsinin məhz 1991-ci ildən sonra başladığını vurğulayıb. O, bölgədəki gərginliyi artıran faktorlara nəzər salaraq 44 günlük müharibədə Azərbaycanın möhtəşəm Qələbəsinin Cənubi Qafqazda yeni reallıqlar yaratdığını və regionda fərqli mərhələnin başlamasına səbəb olduğunu diqqətə çatdırıb. Sonda A.İbrahimov keçirilən tədbirin elm dünyası üçün geniş töhfə verəcəyinə əminliyini vurğulayaraq, tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.
Daha sonra Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Sosial İqtisadiyyat və Siyasi əlaqələr kafedrasının müdiri prof. Vefa Kurban və Ege Universitetinin rektorunun köməkçisi prof. Mehmet Ersoy çıxış edərək Cənubi Qafqazın geosiyasi rolunun istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal əhəmiyyətə malik olduğunu, bölgənin tarixən siyasi, dini və mədəni münaqişələrin və mübarizənin sahəsi olduğunu qeyd ediblər.
Tədbirin açılış hissəsində çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov keçirilən tədbirin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsinə təsadüf etdiyini diqqətə çatdıraraq təşkil edilən simpoziumun Ege Universiteti ilə yeni əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib. Qulu Novruzov XX əsrin sonlarında süni surətdə yaradılmış, beynəlxalq hüquqa zidd formada ortaya atılmış Qarabağ münaqişəsinin tarixi, gedişatı, bu münaqişəyə Qərb dövlətlərinin ikili standartlarla yanaşması, beynəlxalq hüquqdakı boşluqlar və digər məsələlər barədə danışıb.
Akademiya rəisi 44 günlük Vətən müharibəsi ilə haqqın və ədalətin bərpa olunduğunu, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın canı-qanı bahasına qazandığımız bu şanlı Zəfərin təkcə Azərbaycanda deyil, ümumiyyətlə bütün türk dünyasında milli kimliyin və həmrəyliyin güclənməsinə səbəb olduğunu vurğulayıb. O, həmçinin müasir dövrümüzdə elm və texnologiyanın inkişafının vacib rolunu qeyd edərək ölkəmizdə ordu quruculuğu istiqamətində uzun illər ərzində görülmüş məqsədyönlü işlər, ordumuzun ən müasir silah-sursatla, hərbi texnikalarla təmin edilməsinin
44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsini şərtləndirən mühüm faktorlar olduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda Akademiya rəisi tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edərək konfransın işinə uğurlar arzulayıb.
Daha sonra ikigünlük simpozium sessiyalarla öz işini davam etdirib.