Gömrük Hospitalının tibb personalının iştirakı ilə elmi seminar keçirilib
Gömrük Hospitalının tibb personalının iştirakı ilə elmi seminar keçirilib
Mayın 23-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Elmi-Təcrübi və Tədris Mərkəzi ilə Mərkəzi Gömrük Hospitalının bugünədək birgə keçirdikləri beynəlxalq elmi və tibbi tədbirlər barədə məlumat verib.
Şahlar Mirqasım deyib ki, Gömrük Hospitalı pandemiya dövründə, 22 ay ərzində yalnız COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olsa da, eyni zamanda COVID-19 infeksiyasının müalicəsinə həsr edilən müxtəlif onlayn konfrans və vebinarlar təşkil edib. Bu tədbirlərdə tibbin müxtəlif sahələrində, o cümlədən transplantologiya, pediatriya və ginekologiyada COVID-19 xəstəliyinin müalicəsinə dair aktual məsələlər müzakirə olunub. Seminarın mövzusunun əhəmiyyətini qeyd edən idarə rəisinin müavini tədbir iştirakçılarına uğur diləyib, dinləyiciləri müzakirələrdə, sual-cavab sessiyalarında fəal olmağa dəvət edib.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımovanın moderatorluğu ilə keçirilən beynəlxalq elmi seminarda Azərbaycan, Qazaxıstan və Rusiyadan olan ekspertlərin dörd məruzəsi təqdim olunub.
Astana Tibb Universitetinin allerqologiya, hematologiya və endokrinologiya üzrə uşaq xəstəlikləri kafedrasının assistenti Oksana Usenova "Allergiyanın müasir diaqnostikası: skrininqdən molekulyar səviyyəyə qədər", Rusiyanın Uşaq Allerqoloqları və İmmunoloqları Assosiasiyasının vitse-prezidenti, Diplomdan sonrakı Təhsil Akademiyasının kliniki immunologiya və allerqologiya kafedrasının professoru Yuri Smolkin "Klinik praktikada molekulyar allerqodiaqnostikanın üstünlükləri", Azərbaycanın əməkdar həkimi, “Makrobioz” Klinikasının baş direktoru Faizə Əliyeva “Allergik xəstəliklərin profilaktikasına inteqrasiya yanaşmaları” və həmin klinikanın həkim-dietoloqu Emil Hidayətli “Allergik hallarda iltihab əleyhinə pəhrizin effektivliyi” mövzusunda çıxış ediblər.
Təqdimatlarda allergik xəstəliklərin dəqiq diaqnostikasının müasir üsulları, düzgün terapevtik müdaxilələrin seçilməsi, o cümlədən pəhriz saxlanılan zaman qida məhdudiyyətlərinin seçilməsinə yanaşmalar barədə məlumat verilib.
Hibrid formatında keçirilən tədbir Mərkəzi Gömrük Hospitalının tibb personalının iştirakı ilə yanaşı, eyni zamanda onlayn şəkildə “Zoom” platforması üzərindən baş tutub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi