DGK İdman Sağlamlıq Mərkəzinin idmançıları yarışlarda uğurla iştirak ediblər
DGK İdman Sağlamlıq Mərkəzinin idmançıları yarışlarda uğurla iştirak ediblər
Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin idmançıları son iki həftə ərzində ölkəmizdə və xaricdə keçirilən yarışlarda uğurla iştirak ediblər.
Kontakt karate idman növü üzrə XXVII açıq respublika çempionatına 12 idmançısı ilə qatılan İdman Sağlamlıq Mərkəzi 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq 27 komanda arasında II yeri tutub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2022”də isə Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun əməkdaşı Samir Hüseynov 1:35:31 vaxt ərzində kişilər arasında 32-ci (ümumi 36) nəticə ilə finişə çata bilib. 15 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi marafonda Dövlət Gömrük Komitəsi cəmi 7 əməkdaşı ilə təmsil olunub.
DGK İdman Sağlamlıq Mərkəzinin daha bir idmançısı, Kinoloji Mərkəzin təlimçisi Məmməd Həsənzadə Qazaxıstanın Aktobe şəhərində kəmər güləşi idman növü üzrə beynəlxalq turnirdə 3-cü yerə (75 kq çəki dərəcəsində) layiq görülüb. Dünya şöhrətli idmançı Marat Ospanovun xatirəsinə həsr olunan turnirdə 20 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi