Gömrük Akademiyasında 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
Gömrük Akademiyasında 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May - Müstəqillik Gününə həsr olunan “Tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib.
Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələrinin iştirak etdiyi tədbirə qonaq qismində millət vəkili, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı qatılıb.
Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunan 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edib. 104 il əvvəl olduqca mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə müstəqil Azərbaycan dövlətinin yaradıldığını bildirən Qulu Novruzov bu əlamətdar tarixi hadisə ilə bağlı hər bir azərbaycanlının qürur hissi keçirdiyini vurğulayıb.
XX əsrin əvvəllərində əldə edilmiş müstəqilliyin ömrünün qısamüddətli olmasına baxmayaraq, görülən işlərin müasir, qüdrətli Azərbaycanın yaranmasına zəmin hazırladığını qeyd edən Akademiya rəisi həmin dövrü yeni tariximizin şanlı səhifələrindən biri kimi dəyərləndirib. Yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən Qulu Novruzov hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Akademiya rəisi həmçinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra Azərbaycanın artıq regionda yeni geosiyasi reallıqlar yaradan dövlətə çevrildiyini diqqətə çatdırıb.
Sonra millət vəkili, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq qısa müddət ərzində əldə olunan nailiyyətlər və dövlət quruculuğu prosesində həyata keçirilən tədbirlər barəsində danışıb.
Musa Qasımlı ölkəmizin müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini də vurğulayıb. Ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət çəkən Musa Qasımlı ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafı, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınması, hərtərəfli inkişaf strategiyası və onun təsirləri barəsində də söhbət açıb.
Azərbaycan xalqının artıq iki ildir Müstəqillik Gününü daha qürurlu şəkildə və qalib xalq kimi qeyd etdiyini deyən millət vəkili ərazi bütövlüyü bərpa olunan müstəqil dövlətimizin bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tarixdə özünün ən güclü dövrünü yaşadığını söyləyib.
Tədbirdə həmçinin 28 May - Respublika Gününə həsr edilən videoçarx nümayiş olunub.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi