“Kinologiya sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi” mövzusunda tədbir keçirilib
“Kinologiya sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi” mövzusunda tədbir keçirilib
Mayın 27-də Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində “Kinologiya sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi, Azərbayсan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Ordusunun Kinologiya Mərkəzi, Hərbi Polis İdarəsi və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil olunan tədbirin əsas məqsədi “Kinoloq” ixtisası üzrə qısamüddətli təlimin tamamlanması, kinologiya sahəsində gələcək perspektivləri müzakirə etmək olub.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov çıxış edərək rəhbərlik etdiyi Mərkəzin əsas fəaliyyət istiqamətləri və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdikləri layihə haqqında məlumat verib. İlkin Osmanov “Kinoloq ixtisası üzrə keçirilən qısamüddətli təlim barədə” təqdimat vasitəsilə bu müddət ərzində görülən işləri qonaqların diqqətinə çatdırıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zaur Əliyev də çıxışında “Kinoloq” ixtisası üzrə qısamüddətli təlimin vacibliyini önə çəkib.
Tədbir zamanı kinoloq ixtisası üzrə keçirilən təlim və əldə edilən nəticələr barədə məlumat verilib, təlim iştirakçılarının müvafiq güc strukturlarında təcrübə və məşğulluq imkanları, təlim proqramının təkmilləşdirilməsinə dair təkliflər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Daha sonra iştirakçılar təlimin praktiki hissəsinin təşkil edildiyi Kinoloji Mərkəzin maddi texniki bazası ilə yaxından tanış olublar.
Qeyd edək ki, kinologiya sahəsində təşkil edilən qısamüddətli təlimlərə 10 nəfər cəlb edilib. Əsasən praktiki bilik və bacarıqların əldə edilməsinə əsaslanan və 4 ay müddətində keçirilən təlimin nəzəri hissəsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Kinoloji Mərkəzin nəzdində təşkil olunub. Təlim zamanı iştirakçılar kinologiyanın tarixi, itlərə qulluq, dövlət orqanlarında xidməti kinologiyanın təşkili, itlərin anatomiyası və fiziologiyası, psixologiyası, xidməti axtarışa itlərin seçilməsinin uyğunlaşdırılması, itlərə tibbi yardım və digər mövzularla bağlı bilik və bacarıqlar əldə ediblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi