Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində Özbəkistan nümayəndə heyətilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində Özbəkistan nümayəndə heyətilə görüş keçirilib

Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Akmalxuja Mavlonovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

İyunun 1-də Dövlət Gömrük Komitəsində Özbəkistan gömrük xidmətinin nümayəndə heyətilə görüş keçirilib.

Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonovun rəhbərlik etdiyi nümayəndə heyəti öncə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarları ziyarət edilib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Daha sonra Dövlət Gömrük Komitəsində görüş keçirilib.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Özbəkistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb.

 Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən quruculuq və inkişaf proseslərindən bəhs edən Səfər Mehdiyev son illər gömrük sistemində aparılan islahatların əhəmiyyətindən də danışıb, tətbiq edilən yeniliklər hesabına Azərbaycan gömrük orqanlarının modernləşdirildiyini bildirib.

Komitə sədri gömrük prosedurlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən qurulması istiqamətində atılan addımlardan danışıb. Hazırda bəyanetmə sisteminin tam elektronlaşdırıldığını bildirən Səfər Mehdiyev informasiya texnologiyalarına əsaslanan “Yaşıl dəhliz” buraxılış sistemi, “Smart Customs” və digər layihələr, risklərin idarəolunması sistemi barədə də qonaqları məlumatlandırıb.

Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri Səfər Mehdiyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Komitə sədri Azərbaycan və Özbəkistan gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin zəruriliyini də nəzərə çatdırıb, özbəkistanlı həmkarının Azərbaycana səfərinin əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümid etdiyini deyib.

Səmimi qəbula görə Azərbaycan gömrük xidmətinin rəhbərliyinə təşəkkür edən Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov Azərbaycana səfərindən məmnun qaldığını söyləyib. İki qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan qonaq, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Akmalxuja Mavlonov bildirib ki, hazırda Özbəkistan gömrüyündə ticarətin asanlaşdırılması, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyaları və müasir həllərin tətbiq edilməsi istiqamətində əsaslı islahatlara başlanılıb. Bu məqsədlə qonaq Azərbaycan gömrüyündə sözügedən sahədə əldə olunan nailiyyətlərdən faydalanmaqda maraqlı olduqlarını vurğulayıb. Məlumat verilib ki, nümayəndə heyətinin tərkibinə Özbəkistan gömrüyünün aparıcı sahələrinin mütəxəssisləri daxildir və məqsəd Azərbaycan təcrübəsini öyrənərək tətbiqinə nail olmaqdır.

Akmalxuja Mavlonov qeyd edib ki, Azərbaycan və Özbəkistan gömrük orqanları arasında bu gün imzalanacaq müvafiq sənəd qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına töhfəsini verəcək. İkitərəfli əlaqələrin, ticarət dövriyyəsinin daha da genişlənməsi üçün böyük potensialın olduğunu deyən qonaq, buna həm Özbəkistanın, həm də Azərbaycanın inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini bildirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. O cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Görüşün sonunda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi arasında 2022-2023-cü illər üçün Qarşılıqlı Fəaliyyət Planı” imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov imzalayıblar.

Sonra qonaqlar gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar.

Görüşün sonunda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonovu  “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

 Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri iyunun 4-dək davam edəcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

1 İyun 2022 17:30
195