Gömrük Akademiyasında növbəti ISO standartı üzrə audit keçirilib
Gömrük Akademiyasında növbəti ISO standartı üzrə audit keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında ISO 10002 “Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi” standartı üzrə sertifikatlaşdırma auditi keçirilib. Akademiyanın struktur bölmələrində təşkil edilən audit Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu tərəfindən aparılıb.
Auditdən əvvəl Akademiya rəhbərliyinin, əməkdaşlarının və ISO İşçi qrupunun iştirakı ilə qonaqla görüş keçirilib. Görüşdə “Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi” təlimindən sonra Akademiyada ISO 10002 standartının tətbiqi ilə bağlı görülən işlər haqqında məlumat verilib və gün ərzində Akademiyanın struktur bölmələrində davam edəcək auditin əsas mərhələləri müzakirə edilib.
ISO 10002 “Müştəri məmnuniyyəti idarəetmə sistemi” standartı üzrə keçirilən sertifikatlaşdırma auditi zamanı Arzu Gülhan Yüzereroğlu müvafiq standart üzrə sənədlər, struktur bölmələrin iş prosesi ilə yaxından tanış olub və konkret sahələr üzrə təkmilləşdirilmənin daha da yüksək səviyyədə həyata keçirilməsi üçün bir sıra təkliflər irəli sürüb.
Sonda auditlə bağlı yekun iclas keçirilib. Arzu Gülhan Yüzereroğlu Akademiyada ISO 10002 “Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi” standartı ilə bağlı görülmüş işləri yüksək qiymətləndirib, auditin tam şəkildə keçirilməsi üçün yaradılan şəraitə görə Akademiya rəhbərliyinə təşəkkür edib. Akademiyanın rəhbərliyi və əməkdaşlar göstərilən dəstəyə görə Arzu Gülhan Yüzereroğluna və TSE-yə təşəkkür edib, əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası daha öncə TSE tərəfindən keçirilən təlimlər və Akademiyanın bütün strukturlarında aparılan auditlər nəticəsində “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə TS EN ISO 9001:2015, “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi” standartı üzrə isə TS EN ISO 45001:2018 beynəlxalq sertifikatlarına layiq görülüb.