Gömrük Akademiyasında Qırğızıstanın gömrük xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib
Gömrük Akademiyasında Qırğızıstanın gömrük xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti sədrinin müavini Almaz Saliyev və hər iki tərəfin nümayəndə heyəti iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin iki ölkə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən bəhs edərək təhsil sahəsində əməkdaşlığın da vacibliyini vurğulayıb.
Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti sədrinin müavini Almaz Saliyev gömrük orqanlarının peşəkar kadrlarla təmin edilməsi istiqamətində Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqində maraqlı olduqlarını qeyd edib.
Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev son illərdə Akademiyanın tədris prosesində innovativ və səmərəli texnologiyaların tətbiqi ilə həyata keçirilən yeniliklərdən bəhs edib. İqbal Babayev qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın gələcək perspektivlərindən söz açıb, görüşün ikitərəfli təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında geniş təqdimatla çıxış edib.
Daha sonra qonaqlar Akademiyada yaradılan şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalar ilə yaxından tanış olublar.