Gömrük Akademiyasında ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi keçirilib
Gömrük Akademiyasında ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 50 nəfər gömrük xidməti əməkdaşının iştirak etdiyi növbəti ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi keçirilib.
Qiymətləndirmədən öncə ixtisasartırma təlimlərinin dinləyiciləri ilə görüşən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən təlimlərin effektivliyindən danışıb. Qulu Novruzov həm nəzəri, həm praktiki hissədən ibarət olan 6 həftəlik təlimlərdə dinləyicilərin əldə etdikləri zəruri bilik və bacarıqların önəmindən bəhs edib.
Akademiya rəisi müştəri məmnuniyyəti siyasətinə uyğun olaraq tədris prosesinin iştirakçılarının məmnuniyyət səviyyəsinin mütəmadi olaraq yüksəldilməsinin Akademiyanın prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dinləyicilər arasında məmnunluqla bağlı keçirilən sorğular sözügedən təlimlərin keyfiyyətinin yüksəldilməsində önəmli rola malikdir.
Akademiya rəisi qiymətləndirmənin obyektivlik və şəffaflıq prinsipi əsasında keçirildiyini bildirib, əldə edilən bilik və bacarıqların gömrük əməkdaşlarının xidməti fəaliyyətlərinə önəmli töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdən sonra təlim iştirakçılarının biliklərinin yekun qiymətləndirilməsi keçirilib.