Gömrük Akademiyasında buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi keçirilib
Gömrük Akademiyasında buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının 2021/2022-ci tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran "Hüquqşünaslıq" və “İqtisadiyyat” ixtisaslarının tələbələrinin buraxılış işlərinin, magistratura səviyyəsi üzrə isə “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında təşkil olunan müdafiə prosesləri "Hüquqşünaslıq" ixtisası üzrə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin, “İqtisadiyyat" ixtisası üzrə DAK-ın sədri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri, i.e.d., prof. Arif Şəkərəliyevin, “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşması üzrə Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, h. ü. e. d., prof. Əmir Əliyevin, “Gömrük işi” ixtisaslaşması üzrə isə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbaI Babayevin sədrliyi ilə keçirilib.
Müvafiq ixtisaslar üzrə müdafiə iclaslarında çıxış edən Akademiyanın rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın cari tədris ilində bakalavr pilləsi üzrə 4-cü, magistratura pilləsi üzrə isə 2-ci məzun buraxılışını həyata keçirdiyini vurğulayıb. Müdafiə prosesinin statistik və informativ məlumatlarını iştirakçıların nəzərinə çatdıran Akademiya rəisi Qulu Novruzov Komissiyanın və Elmi şuranın işinə uğurlar arzulayıb.
Komissiyanın və ixtisaslaşdırılmış Elmi şuranın sədrləri də iclaslarda çıxış edərək müdafiədə iştirak edən tələbələrə xoş arzularını çatdırıblar.
Sonra tələbələr buraxılış və dissertasiya işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlar vasitəsilə Dövlət Attestasiya Komissiyası və ixtisaslaşdırılmış Elmi şuranın qarşısında çıxış edblər, daha sonra isə komissiyanın və şura üzvlərinin suallarını cavablandırıblar.
Müdafiə proseslərinin sonunda çıxış edən Akademiyanın rəisi Qulu Novruzov müdafiələrini uğurla yekunlaşdıran məzunları təbrik edərək onların son iki tədris ilinin məhz 44 günlük Vətən Müharibəsində dövlətimizin qalib statusu qazanması sayəsində daha da yadda qalan olduğunu vurğulayıb. Akademiya rəisi gənclərin həyatında qalibiyyət ruhunun həmişə yaşamasını və şəhidlərimizin ruhu qarşısında borc hissinin onları heç vaxt tərk etməməsini diləyərək, müdafiə prosesinin təşkilində əməyi keçən hər kəsə, həmçinin məzunlarla bərabər, onları yetişdirən valideynlərə və müəllimlərə də öz təşəkkürünü bildirib. Qulu Novruzov gənclərə gələcək faəliyyətlərində təhsil aldıqları xüsusi təyinatlı ali təhsil müəssisəsinin adını daim uca tutmaqla daha böyük uğurlara imza atmağı arzu edib.
Komissiya sədrləri və üzvləri yüksək səviyyədə təşkil edilən müdafiə prosesinə görə Akademiya rəhbərliyinə öz təşəkkürlərini bildirərək, məzunlara gələcək fəaliyyətlərində uğurlarının davamlı olmasını diləyiblər.
Məzunlar da öz növbələrində təhsil aldıqları müddətdə onlar üçün yaradılan hər bir şəraitə görə Akademiya rəhbərliyinə və professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər.