Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və “Abbott” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və “Abbott” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
İyunun 29-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və “Abbott” şirkəti arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Sənədi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və “Abbott” şirkətinin ürəyin struktur xəstəlikləri bölməsinin baş direktoru Şarbel Muavad imzalayıblar.
Tədbirdə DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov müasir tibbi texnologiyalar sahəsində Amerikia Birləşmiş Ştatlarının aparıcı şirkətlərindən biri olan “Abbott” ilə əməkdaşlığın Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı üçün həm ürək xəstəliklərinin cərrahi müalicəsində istifadə olunan innovativ metod və materialların tətbiqi, həm də tibb işçilərinin ixtisaslarının artırılması sahəsində yeni imkanlar açacağını vurğulayıb.
Anlaşma Memorandumu çərçivəsində tərəflər Azərbaycan tibb işçilərinin ürəyin struktur xəstəliklərinin müalicəsi üzrə ixtisaslarının artırılması məqsədilə birgə təşəbbüslərin və elmi-praktik layihələrin həyata keçirilməsinə dair razılığa gəliblər.
Bu təşəbbüslərə Mərkəzi Gömrük Hospitalının bazasında ürəyin struktur xəstəliklərinin müalicəsi sahəsində tibb işçilərinə müstəqil şəkildə təlimlər keçə biləcək mütəxəssislərin hazırlanması, beynəlxalq layihələrdə iştirak, beynəlxalq ekspertlərin və “Abbott” mütəxəssislərinin Mərkəzi Gömrük Hospitalının təhsil proqramlarına cəlb edilməsi, klinik tədqiqatların təşkili və aparılmasında dəstək, elmi məqalələrin hazırlanması, metodiki vəsaitlərin nəşri ilə bağlı əməkdaşlıq və digər məsələlər daxildir.
Həmçinin DGK Tibbi Xidmət İdarəsinin rəhbərliyi və “Abbott” nümayəndə heyəti arasında keçirilən görüşdə Azərbaycanda səhiyyə sahəsində digər mümkün birgə təşəbbüslərlə bağlı “Abbott” şirkətinin təklifləri - yoluxucu xəstəliklərin diaqnostikası və profilaktikası, qadın sağlamlığı, uşaq qidaları və xüsusi qidalanma, çarpayı yanında diaqnostika və molekulyar diaqnostika məsələləri müzakirə edilib.
Sonra “Abbott mütəxəssisləri tərəfindən kardiocərrahlar, invaziv kardioloqlar və onların komandaları üçün iki hissədən ibarət master-klass keçirilib.
Birinci hissədə Beyrut Tibb Mərkəzinin Amerikan Universitetində struktur ürək xəstəlikləri proqramının direktoru, kardiologiya bölməsinin daxili xəstəliklər üzrə dosenti Dr.Fadi Savaya “Transkateter aortal qapaq implantasiyası (TAVI) üçün yeni həllin - NAVITOR-un təqdimatı və NAVITOR nə üçün pasiyentlərin və həkimlərin ehtiyaclarına cavab verir?” mövzusunda, ikinci hissədə isə “Abbott”un TAVI terapiyanın inkişafı üzrə regional meneceri İsmail Evren Altuntop “Transkateter aortal qapaq implantasiyası (TAVI) üçün yeni həllin - NAVITOR-un təqdimatı. İlk klinik məlumatlar və real dünya təcrübəsi” mövzusunda təqdimatlarla çıxış ediblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi