Gömrük Akademiyasında məzun günü keçirilib
Gömrük Akademiyasında məzun günü keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ili üzrə “Məzun günü” qeyd olunub. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbir ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Daha sonra Akademiyanın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov əlamətdar gün münasibətilə məzunları təbrik edib, onların məzun olduğu dövrün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonrakı şərəfli və tarixi bir zamana təsadüf etdiyini diqqətə çatdırıb.
Qulu Novruzov fəaliyyətə başladığı qisa zaman ərzində Akademiyanın yüksək nailiyyətlərə imza atdığını, pandemiya dövrünə təsadüf etməsinə baxmayaraq keyfiyyətli təhsili ilə daim fərqləndiyini vurğulayıb.
Akademiyanın məzunlarının 44 günlük Vətən müharibəsindəki qəhramanlıqlarından söz açan Qulu Novruzov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsində məzunlarımızın da iştirakı qürürvericidir.
Şanlı qələbədən sonra Qarabağda geniş vüsət alan abadlıq-quruculuq işlərinin uğurla həyata keçirilməsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Qulu Novruzov Akademiyanın məzunlarının bu tarixi missiyada yaxından iştirak etməklə ümummilli prosesə töhfə verəcəklərinə ümidvar olduğunu qeyd edib.
Qulu Novruzov yüksəkixtisasli peşəkar kadrların yetişdirilməsi istiqamətində daim dəstəyini göstərən Dövlət Gömrük Komitəsinin rəhbərliyinə, Akademiyanın professor-müəllim heyətinə, əməkdaşlarına və bu şərəfli missiyanın yerinə yetirilməsində önəmli pay sahibi olan valideynlərə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən məzunların valideynləri Akademiyanın fəaliyyətini yüksək qiymətləndirərək övladları üçün yaradılan şəraitə görə, Akademiya rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.
Təəssüratlarını tədbir iştirakçıları ilə bölüşən məzunlar təhsil aldıqları müddətdə rəhbərlik və professor-müəllim heyəti tərəfindən hər zaman qayğı və diqqətlə əhatə olunduqlarını bildirərək gələcək fəaliyyətləri ilə Gömrük Akademiyasının adını daim uca tutacaqlarını qeyd ediblər.
Tədbirdə çıxış edən Akademiyanın məzunu, 44 günlük Vətən müharibəsi iştirakçısı İmamverdi Novruzov məzunları təbrik edərək, onlara Vətənimizin tərəqqisi naminə bundan sonra da uğurla çalışmağı arzulayıb.
Daha sonra yüksək akademik göstəricilərinə və Akademiyanın ictimai-sosial həyatında, mədəni-kütləvi tədbirlərində göstərdikləri xüsusi fəallığa görə fərqlənən məzunlara "Fəxri Fərman"lar təqdim olunub.