Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Kontrafaktlığa və piratçılığa qarşı mübarizə” adlı seminar başlayıb

“Kontrafaktlığa və piratçılığa qarşı mübarizə” adlı seminar başlayıb

İyulun 13-də Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Kontrafaktlığa və piratçılığa qarşı mübarizə” mövzusunda seminar öz işinə başlayıb.

Onlayn formatda keçirilən seminarı Ümumdünya Gömrük Təşkilatı təşkil edib.

Tədbirin açılışında ÜGT-nin əqli mülkiyyət hüquqları, təhlükəsizlik və sağlamlıq proqramı üzrə meneceri Maurice Adefalou və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hüquq məsləhətçisi Samer Al-Tarawneh çıxış edərək əqli mülkiyyət hüquqlarının qorunması və kontrafakt mallara qarşı mübarizənin əhəmiyyətindən danışıblar.

Gömrük orqanlarının bu sahədə fəaliyyətinin səmərəliliyinin artırılmasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, seminar əqli mülkiyyət hüquqlarının qorunması və kontrafakt mallara qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək, əməkdaşlığın gücləndirilməsi baxımından da əhəmiyyətlidir.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Kənan Məmmədov əqli mülkiyyət hüquqlarının qorunması, kontrafaktlığa və piratçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrüyünün gördüyü işlərdən bəhs edib. Bu məqsədlə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində aparılan təkmilləşdirmələr, risklərin idarəolunması sistemində yeniliklər, gömrük əməkdaşlarının potensialının artırılması və hüquq sahibləri ilə əməkdaşlıq sahəsində atılan addımlar barədə məlumat verilib.

Seminar zamanı Ümumdünya Gömrük Təşkilatı və  Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mütəxəssisləri əqli mülkiyyətin mühafizəsi, COVID-19 zamanı əqli mülkiyyət hüquqlarının pozulması halları, eyni zamanda bu sahədə Azərbaycan gömrüyünün gördüyü işlərlə bağlı təqdimatlar keçirəcəklər. Həmçinin hüquq sahibləri qismində müxtəlif şirkətlər tərəfindən seminar iştirakçılarına məlumat veriləcək.

Seminar 3 gün davam edəcək.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 İyul 2022 16:10
195