Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin sədri “Caspian Energy Club”un üzvləri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri “Caspian Energy Club”un üzvləri ilə görüşüb

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin, son illər  gömrük sistemində aparılan islahatların  nəticəsi olaraq  gömrük-sərhəd keçid məntəqələrinin  buraxılış qabiliyyəti 3 dəfədən çox artıb. Bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iyulun 14-də DGK rəhbərliyinin və “Caspian Energy Club”un üzvlərinin iştirakı ilə keçirilən biznes forumda səsləndirib. Tədbirdə DGK rəsmiləri, “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev,  eləcə də 110-a qədər sahibkar  iştirak edib.

“Caspian Energy Club”un sədri Telman Əliyev çıxış edərək forumun təşkilində göstərilən dəstəyə görə klub üzvləri adından Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib. O da qeyd olunub ki,  Dövlət Gömrük Komitəsi ilə “Caspian Energy Club” arasında səmərəli, işgüzar münasibətlər qurulub və faydalı əməkdaşlıq COVİD-19 pandemiyası dövründə də davam etdirilib. O da vurğulanıb ki, qurumlar arasında birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir, bu da gündəlik qarşıya çıxan məsələlərin operativ şəkildə həllinə, gömrük sistemində tətbiq edilən layihələrin, yeniliklərin birgə müzakirə edilərək sahibkarların fikir və rəylərinin öyrənilməsinə imkan yaradır.

Komitə sədri Səfər Mehdiyev artıq ənənə halını alan bu cür tədbirlərin xarici ticarət sahəsində fəaliyyət göstərən bütün maraqlı tərəflərin ehtiyaclarının öyrənilməsinə, problemli məqamların müəyyənləşdirilməsinə və gömrük sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı dayanıqlı həllərin işlənib hazırlanmasına mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlardan danışan Komitə sədri vurğulayıb ki, ölkə başçısının hərtərəfli diqqət və qayğısı nəticəsində gömrük orqanları qabaqcıl texnologiyalara malik, ixtisaslı kadrlar və müasir infrastukturla təmin olunan dinamik quruma çevrilib.

İslahatların əsas hədəfinin xarici ticarət iştirakçıları üçün asan, sürətli və şəffaf gömrük sisteminin yaradılması olduğunu vurğulayan Səfər Mehdiyev hərtərəfli dövlət qayğısı nəticəsində hazırda gömrük-sərhəd keçid məntəqələrində infrastrukturun əsaslı şəkildə yenidən qurulduğunu, ən müasir texniki nəzarət vasitələri ilə təchiz edildiyini bildirib. Nəticədə sərhədkeçmə proseslərinə sərf olunan 2-3 saatlıq müddət 4-5 dəqiqəyə endirilib, gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti bir istiqamətdə 200 yük nəqliyyat vasitəsindən 700-ə çatdırılıb.  O da qeyd olunub ki, hazırda Gürcüstanla sərhəddə yerləşən gömrük-keçid məntəqələri vasitəsilə bir istiqamətdə ümumilikdə 1000-dən artıq nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Rusiya Federasiyası ilə ilə sərhəddə inşa olunan “Xanoba” gömrük postu fəaliyyətə başladıqdan sonra isə şimal istiqamətində gündəlik 2000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkün olacaq. Komitə sədri vurğulayıb ki, sərhədkeçmə prosesində əldə olunan nailiyyətlər beynəlxalq ticarətin asanlaşdırılması ilə yanaşı, xarici ticarət iştirakçıları üçün münbit biznes mühitinin formalaşdırılmasına şərait yaradıb, vaxt və vəsait itkisinin qarşısı alınıb.

Səfər Mehdiyev gömrük orqanlarının fiskal sahədəki fəaliyyətindən bəhs edərək bildirib ki, maliyyə nəzarətinin gücləndirilməsi, uçotun düzgün qurulması, könüllü riayət  mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımlar nəticəsində dövlət büdcəsinə ödənilən vəsaitlərin miqdarında ciddi artım müşahidə olunur. Komitə sədri bu sahədə uğurların əldə olunmasında kölgə iqtisadiyyatının, inhisarçılığın aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin də əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Gömrük sistemində tətbiq edilən layihələrdən, innovativ yeniliklərdən bəhs edən Səfər Mehdiyev “Yaşıl dəhliz” buraxılış sisteminin timsalında bu yeniliklərin sahibkar-məmur təmasının minimuma endirilməsinə, ölkəmizin ixrac potensialının artırılmasına, gömrük sistemində şəffaflığın təmin olunmasına şərait yaratdığını vurğulayıb.

Komitə sədri gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onların gömrüklə bağlı məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımların atıldığını, eyni zamanda gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşıldığını  diqqətə çatdırıb.

Diskussiya şəklində davam edən forumda Dövlət Gömrük Komitəsinin sədri biznes nümayəndələrinin rəy və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Sonda Dövlət Gömrük Komitəsinin sədrinə “Caspian Energy Club”un Fəxri üzvlük sertifikatı təqdim edilib. Eyni zamanda  klubun üzvlərinə və bir qrup sahibkara səmərəli fəaliyyətlərinə görə  “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

 

14 İyul 2022 16:53
195