“Texniki nəzarət vasitələrinin istismarı və təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib
“Texniki nəzarət vasitələrinin istismarı və təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Texniki nəzarət vasitələrinin istismarı və təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Gömrük sərhəd buraxılış məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarının vəzifəli şəxsləri üçün təşkil edilən ixtisasartırma təlimlərində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan müvafiq qurumların, ümumilikdə 32 nəfər gömrük əməkdaşı iştirak edib. Gömrük əməkdaşların peşə və ixtisas biliklərini artırmaq, eləcə də onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə keçirilən təlim DGK-nın Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru Böyükağa Şəfiyev tərəfindən təqdim edilib.
Təlimin açılış hissəsində çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq texniki nəzarət vasitələrindən istifadəyə dair mühüm məlumatların əldə edilməsi istiqamətində keçirilən təlimin əhəmiyyətinə toxunub. Gömrük nəzarətinin təkmilləşdirilməsində texniki nəzarət vasitələrinin tətbiqi sisteminin əsas prioritet sahələrdən biri olduğunu qeyd edən Qulu Novruzov son illərdə gömrük nəzarəti avadanlıqları ilə bağlı Akademiyada bir sıra təlimlərin təşkil olunduğunu vurğulayıb. Təlimin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını qeyd edən Qulu Novruzov iştirakçılara mövzuları dərindən mənimsəməyi, təlimdən maksimum faydalanmağı tövsiyə edərək tədbir iştirakçılarına uğurlar arzulayıb.
2 gün ərzində praktiki məşğələlər əsasında davam edən təlimlərdə “İonscan 400B”, “Sabre 4000” eyniləşdirmə texniki nəzarət vasitəsinin, “CT-40” yoxlama alətlər dəstinin (Buster, Videskop, Baxış güzgüsü, Lazerli məsafə ölçən, yoxlama şupları və s.), “Hİ-PE Plus” çoxzonalı metal detektor və “PD140” əldə tutulan metal detektorların istismarı və təhlükəsizlik qaydaları barəsində təlim iştirakçılarına ətraflı məlumat verilib. Sonda təlim iştirakçılarının biliklərinin qiymətləndirilməsi prosesi keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi