“Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” mövzusunda Forum keçirilib
“Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” mövzusunda Forum keçirilib
12 avqust "Beynəlxalq Gənclər Günü” münasibətilə “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” mövzusunda Forum keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) təşəbbüsü, Komitənin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən forumda DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov, DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorun müavini Qədir Xəlilov, müxtəlif dövlət qurumlarının və təşkilatların könüllüləri iştirak ediblər.
Forumda çıxış edənlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən bəhs edərək bildiriblər ki, həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi olaraq gənclər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Eyni zamanda, gənc nəslin sağlamlığı, təhsil, təlim-tərbiyə işlərinin müasir standartlara uyğun şəkildə qurulması, vətənpərvər, dövlətinə və xalqına bağlı nəsillərin yetişdirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.
Daha sonra Forumda “Yeni sintetik narkotiklər və psixoaktiv maddələrin təhlükəsi”, “Tütünçəkmə və sağlamlıq”, “Fiziki aktiv həyat tərzinin əhəmiyyəti”, “Sağlam qidalanma necə olmalıdır?”, “Sağlam həyat tərzinin təbliğində könüllülüyün və ictimai fəaliyyətin rolu” mövzusunda təqdimatlar nümayiş etdirilib.
DGK Tibbi Xidmət İdarəsinin mütəxəssisləri, Mərkəzi Gömrük Hospitalının həkimləri zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzinin təbliği, o cümlədən gənclər üçün zəruri hesab olunan digər mövzularda iştirakçıları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi