Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib
Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib
Avqustun 18-də Türkiyə Respublikasının Hökuməti, Azərbaycan Respublikasının Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib. Bu məqsədlə Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstanın Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakavanın rəhbərlik etdikləri nümayəndə heyətləri ölkəmizə səfər edib.
İclasdan öncə Türkiyə Ticarət Nazirliyi və Gürcüstan Gəlirlər Xidmətinin nümayəndə heyətləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qonaqlar Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar, həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Sonra nümayəndə heyətləri arasında ikitərəfli formatda keçirilən görüşlərdə gömrük sahəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Daha sonra Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası öz işinə başlayıb. İclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin vəzifələrini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Prezident İlham Əliyevin ölkəmizin tranzit potensialının artırılması ilə bağlı verdiyi sərəncam və tapşırıqlara əsasən gömrük xidməti bu sahədə üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün zəruri addımları atacaq. Qeyd olunub ki, hər üç ölkənin iştirakı ilə imzalanacaq saziş beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, tarixi “İpək yolu”nun əhəmiyyətinin artmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq. Belə ki, dəmiryolu vasitəsilə daşınan yüklər sərhəd buraxılış məntəqələrində ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq və mallar vaxtında təyinat nöqtəsinə çatdırılacaq ki, bu da beynəlxalq tranzit daşımalarında mühüm amillərdən biridir.
Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay bildirib ki, imzalanacaq saziş Bakı-Tbilisi-Qars dəmiryolunun potensialının genişlənməsi, region ölkələrinin ticarət əlaqələrinin artırılması, yükdaşımalarda vaxta və vəsaitə qənaət baxımından mühüm əhəmiyyətə malikdir. Rıza Tuna Turagay onu da vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yükdaşımaların artması Asiya ilə Avropanı birləşdirən orta dəhlizin cəlbediciliyinin və rəqabətqabiliyyətliliyinin də güclənməsində mühüm rol oynayacaq.
Gürcüstan Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava Üçtərəfli Komitənin iclasında müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb və imzalanacaq sazişin əməkdaşlığın gücləndirilməsi, gömrük sahəsində birgə nəzarətin təşkili, müasir texnologiyaların tətbiqi baxımından yeni imkanlar yaradacağını vurğulayıb.
Daha sonra “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” və Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclasının protokolu imzalanıb.
Sazişi Azərbaycan Respublikasının Hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov, Türkiyə Respublikasının Hökuməti adından Türkiyə ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstan Hökuməti adından Gürcüstanın Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava imzalayıblar.
Sazişin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.
Saziş Trans-Avropa və Trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yüklərin fasiləsiz, vaxtında və səmərəli şəkildə daşınması baxımından mühüm imkanlar yaradacaq. Belə ki, mallar haqqında ilkin məlumatların elektron mübadiləsi təşkil edilməklə gömrük prosedurları sadələşdiriləcək, sərhədkeçmə prosesləri sürətlənəcək. Eyni zamanda, qarşılıqlı razılaşdırılmış müasir gömrük nəzarəti metodları hesabına vaxta qənaət ediləcək ki, bu da yüklərin rahat keçidinə şərait yaradacaq. Nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyan saziş iqtisadi operatorlar, eləcə də limanlar üçün logistika imkanlarının artmasına müsbət təsir göstərəcək, ölkəmizin və regionun tranzit potensialının daha da genişləndirilməsində mühüm rol oynayacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi