Gömrük Akademiyasına ISO standartları üzrə beynəlxalq sertifikatlar təqdim edilib
Gömrük Akademiyasına ISO standartları üzrə beynəlxalq sertifikatlar təqdim edilib
Dövlət Gömrük Komitəsinin Akademiyası Türk Standartları İnstitutu (TSE) tərəfindən 3 ISO beynəlxalq sertifikatına layiq görülüb. Sentyabrın 5-də bu münasibətlə Akademiyada keçirilən tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı, Türk Standartları İnstitutunun (TSE) rəhbəri Mahmut Sami Şahin, Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, TSE-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu və hər iki qurumun əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov ISO standartlarının tətbiqi ilə bağlı görülən işlərdən bəhs edərək bildirib ki, TSE ilə faydalı əməkdaşlıq çərçivəsində fəaliyyətinin müvafiq ISO standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə əməkdaşlar üçün təlimlər keçirilib, idarəetmə sistemlərinin təkmil və şəffaf şəkildə qurularaq həmin tələblərə uyğunlaşdırılması, sertifikatlaşdırma prosesi təmin olunub.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı dünyanın Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid olduğunu diqqətə çatdırıb, Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev Akademiyanın fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması və beynəlxalq idarəetmə sistemlərinin mənimsənilməsi məqsədilə davamlı olaraq məqsədyönlü tədbirlərin həyata keçirilməsinin, beynəlxalq sertifikatların əldə edilməsinin əhəmiyyətindən bəhs edib.
Türk Standartları İnstitutunun rəhbəri Mahmut Sami Şahin hər üç standart üzrə sistemin qurulmasında və inkişaf etdirilməsində Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib, çoxşaxəli əməkdaşlığın gücləndirilməsinin hər iki qardaş ölkənin sənayesinin inkişafına önəmli töhfələr verəcəyini diqqətə çatdırıb.
Sonra Türk Standartları İnstitutu (TSE) tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyasına ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi”, ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi”, ISO 10002 “Müştəri məmnuniyyəti idarəetmə sistemi” standartları üzrə beynəlxalq sertifikatlar və ISO standartının bayrağı təqdim edilib.
Qeyd edək ki, əldə edilən sertifikatlar Akademiyada müasir standartlara uyğun keyfiyyətli təlim-tədris prosesinin həyata keçirildiyini, əməyin təhlükəsizliyinə diqqətin yüksək səviyyədə olduğunu, formalaşmış sistemin düzgün qurulduğunu təsdiq edir, təkmilləşdirmə və təcrübənin davamlı inkişafı üçün stimul yaradır.
Tədbirdən sonra qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi