Azərbaycan və İran gömrük xidmətləri rəhbərlərinin görüşü keçirilib
Azərbaycan və İran gömrük xidmətləri rəhbərlərinin görüşü keçirilib
Sentyabrın 24-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi arasında onlayn formatda görüş keçirilib.
İki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması istiqamətində reallaşdırılan tədbirlərdən bəhs edilən görüşdə mövcud buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər diqqətə alınıb, Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq yeni sərhəd-keçid məntəqəsinin layihələndirilməsi işinin həyata keçirildiyi və bu istiqamətdə işlərin daha da intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin tətbiq edilməsinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb, bəzi texniki problemlərin həlli üçün tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə alınaraq hər iki ölkənin gömrük qurumlarının İT mütəxəssislərinin iştirakı ilə yaxın zamanlarda müzakirələrin aparılmasına qərar verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi