“Konsiqnasiya yolu ilə həyata keçirilən ixrac əməliyyatları” mövzusunda görüş keçirilib
“Konsiqnasiya yolu ilə həyata keçirilən ixrac əməliyyatları” mövzusunda görüş keçirilib
Oktyabrın 14-də Dövlət Gömrük Komitəsində “Konsiqnasiya yolu ilə həyata keçirilən ixrac əməliyyatları” mövzusunda görüş keçirilib. Görüşdə İqtisadiyyat və Maliyyə nazirlikləri, Baş Prokurorluq və Mərkəzi Bankın rəhbər vəzifəli şəxsləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.
Tədbirdə konsiqnasiya yolu ilə həyata keçirilən ixrac əməliyyatları sahəsində mövcud vəziyyət barədə təqdimat nümayiş etdirilib, gömrük tənzimlənməsi prosesində aparılan təkmilləşdirilmələrdən bəhs olunub, konsiqnasiya əməliyyatları vasitəsilə ixrac olunan, xüsusilə də kənd təsərrüfatı mallarının ixracına dövlət dəstəyinin təmin edilməsi, xidmət keyfiyyətinin daha da inkişaf etdirilməsi, eyni zamanda nəzarət tədbirlərinin səmərəli şəkildə həyata keçirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi, mövcud problemlərin həlli istiqamətləri üzrə müzakirələr aparılıb.
Sahibkarlıq subyektlərinin məlumatlılığının artırılması, onların qanunvericiliyə könüllü riayət etmələri ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilinin vacibliyi də vurğulanıb.
Görüşdə konsiqnasiya yolu ilə həyata keçirilən ixrac əməliyyatları sahəsində həlli vacib məsələlərlə bağlı iştirakçılar tərəfindən səsləndirilən təkliflər dəyərləndirilib və qısa vaxt ərzində birgə tədbirlər planının hazırlanması qərara alınıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi