Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında “Work4CE” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib

Gömrük Akademiyasında “Work4CE” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib

Oktyabrın 28-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası üzrə “Work4CE” konsorsium layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib. Pilot təlimləri və layihə görüşünü əhatə edən tədbirdə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Ukraynanın Azərbaycandakı Səfirliyinin birinci katibi Yevhen Osadcyi, layihənin koordinatoru prof. Qalina Tabunşçük, layihəyə üzv olan digər xarici və yerli ali təhsil müəssisələrinin təmsilçiləri, eləcə də Akademiyanın tərəfdaş qurumlarının nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər “Work4CE” konsorsium layihəsi çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən, Akademiyanın son illərdə inkişaf edən beynəlxalq əməkdaşlıq fəaliyyətindən, Azərbaycanın ali təhsil müəssisələrinin layihədəki müsbət rolundan bəhs edərək, göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.

Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyası ilə layihənin tərəfdaş ali təhsil müəssisələri olan Kiyev Milli İnşaat və Memarlıq Universiteti (Ukrayna), Qərbi Ukrayna Milli Universiteti, Zaporojya Milli Politexnik Universiteti (Ukrayna) arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Tədbir çərçivəsində, həmçinin layihənin idarə edilməsi ilə bağlı görüş keçirilib. Görüşdə şəbəkə fəaliyyətlərində üzvlərin rolu, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları, layihələrin icra mexanizmlərinin və idarə olunmasının təkmilləşdirilməsi, birlikdə yeni uğurlu layihələrin tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb.

Daha sonra tədbirin gündəliyinə uyğun olaraq keçirilən təlimlərdə ekodizayn, M03 Sənaye 4.0: Rəqəmsal əkizlər modulunun tədris edilməsi üsulları, biznesdə konstruktiv ünsiyyət, rəqəmsal dəyişikliyin idarə edilməsi, açıq tədris resursları, daxili sistemlər və texnoloji trendlər mövzularında iştirakçılara ətraflı məlumat verilib.

Qeyd edək ki, Gömrük Akademiyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində “Work4CE” konsorsiumunun icraedici strukturunda Azərbaycanı təmsil edir.

28 Oktyabr 2022 18:09
195