Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Oktyabrın 29-da Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birlikdə təşkil olunan tədbirdə iş adamları malın təsnifatı, markalanması və mənşə ölkəsinə dair məcburi qərarların tətbiqi ilə bağlı məlumatlandırılıb.

Qeyd edilib ki, son zamanlar idxal edilən bəzi malların, xüsusilə, mühərrik yağlarının və antifrizlərin təsnifatı və ya mənşəyinə dair təqdim olunan sənədlərdə olan məlumatlar qablaşdırmalarda göstərilən malın mənşəyi barədə məlumatlarla uyğunsuzluq təşkil edir. Bu, haqsız rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunların pozulmasıdır və belə hallara qarşı nəzarət tədbirləri gücləndiriləcək.

Eyni zamanda, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən, idxal edilən mal və məhsulların üzərindəki etiket və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmasının vacibliyi xatırladılıb.

Sözügedən zəruri məlumatların müvafiq qaydada təqdim edilməsinin xarici ticarət iştirakçılarının vəzifəsi olduğu bir daha diqqətə çatdırılıb, onlara müvafiq qanunvericiliyə əməl etmələri tövsiyə olunub.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Oktyabr 2022 14:36
195