Dövlət Gömrük Komitəsində Zəfər Günü münasibətilə təntənəli mərasim keçirilib
Dövlət Gömrük Komitəsində Zəfər Günü münasibətilə təntənəli mərasim keçirilib
Dövlət Gömrük Komitəsində 8 Noyabr-Zəfər Günü münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə gömrükçü şəhid Ülvi Hacıyevin valideynləri, Vətən müharibəsi qaziləri və iştirakçıları, Dövlət Gömrük Komitəsinin rəhbərliyi, gömrük əməkdaşları iştirak edib.
Mərasimin əvvəlində şəhid gömrükçü Ülvi Hacıyevin fotosu salona gətirilib, daha sonra zala daxil olan Vətən müharibəsi iştirakçıları alqışlarla qarşılanıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra ümummilli lider Heydər Əliyevin Qarabağ, Şuşa haqqında fikirlərini, Prezident İlham Əliyevin ərazi bütovlüyümüzün bərpa edilməsi istiqamətindəki siyasi strategiyasını, Vətən müharibəsinin başlanmasını, Azərbaycan ordusunun döyüş əməliyyatlarını, tarixi zəfərimizi əks etdirən videoçarxlar nümayiş etdirilib.
Vətən müharibəsində iştirak edən gömrük əməkdaşları Yaşar Bağırov, Nuran Süleymanov, Yaşar Əmirov ordumuzun keçdiyi şanlı döyüş yolu haqqında xatirələrini bölüşərək tarixi zəfərimizin Müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı və öz lideri ətrafında sıx birləşərək dönməzliyini dünyaya nümayiş etdirən Azərbaycan xalqının qətiyyəti sayəsində qazanıldığını bildiriblər.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Komitə sədrinin vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bayram münasibətilə iştirakçıları təbrik edib, bu möhtəşəm Zəfər Gününün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin təntənəsi olduğunu bildirib. Qeyd olunub ki, beynəlxalq aləmin heyrətlə izlədiyi 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz bütün dünyaya əsl qəhrəmanlıq nümunəsi göstərdilər və onların əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” müjdəsini verdiyi videoçarxın nümayişi ilə yekunlaşan tədbirin sonunda Vətən müharibəsi iştirakçıları hərbi salamla yola salınıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi