Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Noyabrın 18-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə səfərdə olan Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında mövcud dövlət sərhədindən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması üçün əlverişli şəraitin yaradılması sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri, sərhəddə yaranan sıxlığın hökumətlərarası görüşlərin nəticəsi əsasında aradan qaldırılmasının diqqətdə saxlanılması və bu istiqamətdə gömrük orqanlarının fəaliyyət sahəsinə aid məsələlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə bu kimi halların yaşanmaması üçün işçi mexanizminin gücləndirilməsi qərara alınıb.

Azərbaycan və Rusiya gömrük xidmətləri arasında uzunmüddətli işgüzar əlaqələrin qurulduğu, mütəmadi ikitərəfli görüşlərin, təcrübə mübadiləsinin qarşılıqlı münasibətlərin gücləndirilməsinə təkan verdiyi bildirilib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından bəhs olunub, ötən illə müqayisədə ticarət dövriyyəsinin artmasında gömrük orqanlarının birgə səmərəli fəaliyyətinin əhəmiyyətli rol oynadığı vurğulanıb.

Noyabrın 17-də imzalanan “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitlərinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in ticarət əməliyyatları zamanı təhlükəsizliklə yanaşı, əməkdaşlığın gücləndirilməsinə də töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə sərhədkeçmə proseslərinin daha da asan və sürətli şəkildə həyata keçirilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının artırılması, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Noyabr 2022 12:54
195