Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında dini və mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirilib

Gömrük Akademiyasında dini və mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gənclər arasında dini-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş seminar keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi Vüqar Əliyev, Akademiyanın əməkdaşları, tələbələri və "Könüllü gömrükçü" dəstəsinin üzvləri iştirak ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Akademiyanın rəisi Q. Novruzov keçirilən seminarın əhəmiyyətindən bəhs edib. 44 günlük Vətən müharibəsində xalq-ordu birliyi sayəsində qazanılmış tarixi Zəfərimizdə ulu öndər Heydər Əliyevin dövlətçilik irsində və siyasi kursunda xüsusi yer almış, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən tolerantlıq siyasətinin də xüsusi rola malik olduğunu qeyd edib.

Daha sonra çıxış edən Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi V. Əliyev təşkil edilən tədbirin önəmindən söz açaraq gənclərin milli ruhda vətənpərvər şəxsiyyət kimi formalaşması istiqamətində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılmasının əhəmiyyətindən danışıb, zərərli təbliğatın qarşısının alınmasında, ölkəmizdəki tolerantlıq mühitinin qorunub-saxlanılmasında, gənclərimizin milli ruhda tərbiyə edilməsində cəmiyyətin bütün təbəqələrini fəal olmağa səsləyib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov öz çıxışında dini və etnik zənginliyə malik xalqımızın tolerantlıq ənənələrinin uğurla inkişaf etdirildiyini, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm edən azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolu olduğunu bildirib. Natiq Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə vuruşmalarının, “Dəmir yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olduğunu vurğulayıb. Məruzəçi həmçinin gənclərə ənənəvi İslam dəyərləri, radikal dini cərəyanlar və onların milli təhlükəsizlik üçün yaratdığı təhdidlər barədə məlumat verib.

Daha sonra Səyavuş Heydərov müəllifi olduğu “Din və ideoloji təhlükəsizlik” kitabını Akademiyanın kitabxanasına hədiyyə edib.

24 Noyabr 2022 10:20
195