“Harmonik Sistem” üzrə Ümumdünya Gömrük Təşkilatının milli seminarı keçirilir
“Harmonik Sistem” üzrə Ümumdünya Gömrük Təşkilatının milli seminarı keçirilir
Dekabrın 5-də Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Harmonik Sistem” üzrə Ümumdünya Gömrük Təşkilatının milli seminarı öz işinə başlayıb.
Seminarda DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi Avropa Regional Ofisinin nümayəndəsi Rübabə Məmmədova, ÜGT Katibliyinin texniki əməkdaşları –Yara Novis, Sujin Yuk və gömrük əməkdaşları iştirak edirlər.
Açılışda çıxış edən DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov Dövlət Gömrük Komitəsində həyata keçirilən yeniliklər, qarşıya qoyulan yeni hədəflər, həmçinin Azərbaycan gömrüyündə təsnifat işinin təşkili ilə bağlı mövcud vəziyyət və gözləntilərlə bağlı geniş məlumat verib. Seminarın əhəmiyyətindən danışan Mirqasım Vahabov tədbirin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. Bildirilib ki, Harmonikləşdirilmiş Sistem (HS) malların təsvirini və tərkibini özündə əks etdirən beynəlxalq kodlaşdırma sistemidir, mütəmadi olaraq ÜGT tərəfindən 5 illik dövrü əhatə edən yeni versiyası hazırlanır. HS-in 2022-ci il variantı isə Azərbaycanda 2022-ci il 1 yanvar tarixində qüvvəyə minib.
Daha sonra seminar “Azərbaycan gömrük xidməti haqqında ümumi məlumat”, “Harmonik Sistem haqqında Konvensiya”, “Ümumi Təfsir Qaydaları (GIRs), o cümlədən çalışmalar” adlı sesiyalarla davam edib.
Seminar çərçivəsində ÜGT Katibliyinin texniki əməkdaşları – Yara Novis, Sujin Yuk Harmonik Sistem barədə ümumi məlumat, Harmonik Sistem Konvensiyası, onun normativ çərçivəsi və yenilənməsində Komitələrin rolu, həmçinin Harmonik Sistem Nomenklaturasının 2022-ci il nəşrinə düzəlişlərini gömrükçülərin diqqətinə çatdıracaqlar.
Müxtəlif məşğələlərlə davam edəcək seminarın sonunda gömrükçülərə mövzu ilə bağlı tapşırıqlar veriləcək, qiymətləndirilmə aparılacaqdır. Problemlər, həll yolları və görüləcək işlərlə bağlı müzakirələrin aparılması, o cümlədən iştirakçıları maraqlandıran sualların cavablandırılması da nəzərdə tutulub.
Xatırladaq ki, Koreya Gömrük Əməkdaşlıq Fondu Tərəfindən maliyələşən “Harmonik Sistem” üzrə Ümumdünya Gömrük Təşkilatının milli seminarı dekabrın 9-dək davam edəcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi